"Sumqayıt"ın qapıçısı: "Kim istəyər ki, baş məşqçi getsin?" - MÜSAHİBƏ

"Sumqayıt"ın qapıçısı: "Kim istəyər ki, baş məşqçi getsin?" - MÜSAHİBƏ "Kimsə altdan iş görübsə, kiməsə "torba tikibsə", Allah həmin insanın bəlasını versin"
Futbol
14 Noyabr , 2018 11:22
Sumqayıtın qapıçısı: Kim istəyər ki, baş məşqçi getsin? - MÜSAHİBƏ

Bakı. 14 noyabr. REPORT.AZ/ "Sumqayıt" futbol klubunun qapıçısı Orxan Sadıqlının "Report"a müsahibəsi

- Premyer Liqanın XI turunda müqavilə üzrə məxsus olduğunuz "Keşlə"yə qarşı oynadınız. Azarkeşlər də matçdan öncə sizi alqışladılar. Amma 1:4 hesabı ilə məğlub oldunuz. Görüş barədə nə deyə bilərsiniz?

- Mən "Keşlə"nin futbolçusu olsam da, qış fasiləsinədək "Sumqayıt"a icarəyə verilmişəm. "Keşlə" ilə görüşə digər komandalara qarşı olduğu kimi hazırlaşmışdıq. Lakin ən zəif oyunlarımızdan birini keçirdik. Burada mənim və bütün komandanın səhvi var. Belə olmasını istəməzdik. Futboldur, heç kim məğlub olmaq və qırmızı vərəqə almaq istəməz.

- Bəs özünüzün bəzi səhvlərə yol verməyiniz və qırmızı vərəqə almağınız nə ilə əlaqədardır?

- "Sumqayıt"a oynamaq üçün gələcəyimi demişdim. Sadəcə, məni 8-9 matç gözlətdikdən sonra "Qarabağ" və "Keşlə" ilə görüşlərdə şans verdilər. Çoxdandır çıxış etmədiyimdən, oyun praktikam zəif idi. Qarşılaşma zamanı bunu hiss edirdim. Həmin epizodlarda isə zəncirvari səhvlər oldu. Birinci qolda səhvim o idi ki, gərək topa çıxmazdım. Qırmızı vərəqəni isə bilərəkdən, istəyərəkdən almadım. Rəqib futbolçular arasındakı ötürmələrdən sonra mənimlə təkbətək qeydə alındı. Burada başqa söhbət ola bilməz. Allah hər şeyə şahiddir.

- Demək istəyirsiniz ki, əvvəlki görüşlərdə ehtiyatda qalmağınız və formada olmamağınız səhvlərlə nəticələndi?

- Qapıçı elə mövqedir ki, biri hər zaman oynayır, digəri isə ehtiyatda qalır. Mən "Keşlə" də ehtiyatda oturmuşdum. Sadəcə, "Sumqayıt"la danışığımız elə olmuşdu ki, gəlib oynayacağam. Amma başqa cür oldu. Oynamadım. Nəticədə bir qədər stress, problem yaşadım. Amma bunların oyuna heç bir aidiyyatı yoxdur. Hiss edirdim ki, praktikam zəifdir. Qırmızı vərəqəyədək iki top buraxmışdım, daha ikisini də qapımızda sonradan gördük.

- Oynamaq istəyinizlə bağlı komandanın sabiq baş məşqçisi Nazim Süleymanova müraciət etmişdiniz?

- Klub rəhbərliyi ilə əvvəlcədən danışanda özləri də demişdilər ki, baş məşqçi səni istəyir. Mənə bildirmişdilər ki, yaxşı olacaq. Sonradan gördüm ki, hər şey başqa cürdür, oynamıram. Daha sonra yenə klub rəhbərliyi ilə danışdım. Gözləməyimi və səbrli olmağımı tövsiyə etdilər. Gözlədim və şans gəldi. "Qarabağ"la matçda pis oynamadım. "Keşlə" ilə oyunda uduzmuşuqsa, bütün komandanın səhvi var. Qırmızı vərəqə aldığım elə epizod idi ki, bir saniyənin rolu oldu, o da mənim başımda çatladı. Halbuki, oyuna yaxşı hazırlaşmışdım, istəkli idim.

- Nazim Süleymanovun istefasına "Keşlə"yə məğlubiyyətin təkan olduğunu düşünmürsünüz?

- Ardıcıl beşinci oyun idi ki, qələbə qazana bilmirdik. Kim istəyər ki, baş məşqçi getsin? Futbol elə bir oyundur ki, bu gün baş məşqçi gedirsə, sabah hansısa futbolçu ayrıla bilər. Kiminsə getməyinə sevinmirik, sadəcə, bu, rəhbərliyin qərarıdır. Buna da hörmətlə yanaşmaq lazımdır. Nazim müəllim də qeyd etdi ki, istefası komandanın xeyri üçündür. Mən şəxsən onun getməsini istəməzdim. 5-6 tur yaxşı nəticə qazanaraq, xallar toplamışdıq. Sadəcə, son turlarda uğursuz çıxış etdik.

- Mətbuatda belə bir iddia var ki, "Sumqayıt"ın bəzi futbolçuları Nazim Süleymanovun komandadan ayrılması üçün əllərindən gələni ediblər...

- Elə bir şey edənlər olubsa, kimsə altdan iş görübsə, kiməsə "torba tikiblərsə", Allah həmin insanların bəlasını versin. Kişi də gərək çörəyi halal yesin. Futbolu kişi ilə oynamaq, məşqi kişi ilə etmək lazımdır. Vaxt gələcək ki, bu gün kiminsə "torbasını tikən" şəxsə "torba tikəcəklər". Bu dünyada yaşatdıqlarını yaşamayana qədər heç vaxt ölməyəcəklər. Allah hər şeyə şahiddir. Sizin dediyiniz kimi hallar varsa, Allah onların bəlasını versin.

- Belə bir iddia da var ki, məğlub olduğunuz matçdan sonra stadionu "Keşlə" rəsmilərindən biri ilə tərk etmisiniz...

- Hamısı boş söhbətlərdir. Kimsə o iddianı qaldırıb, amma sübut eləmir. Mənə böhtan atırlar. Həmin şəxsləri Allaha tapşırıram. Mən stadionu "Keşlə"nin futbolçu Tərlan Quliyevlə tərk etmişəm. Orada nə "Keşlə"nin rəsmisi, nə klub rəhbəri, nə də klubun başqa nümayəndəsi olub. Tərlan Quliyevlə münasibətim çoxdan var. Maşınsız olduğu üçün evinə apardım. 

- Qarşıdakı oyunlardan gözləntiləriniz nədir?

- Klub rəhbərliyi, yəqin ki, ən doğru qərarı qəbul edəcək. Biz isə hələ ki, dörd günlük istirahətdəyik. Növbəti oyunlara da yaxşı hazırlaşacağıq. Komandanı vəziyyətdən çıxarmaq lazımdır. Hamı - rəhbərlik, futbolçular və məşqçilər heyəti buna birgə çalışaraq nail ola bilər. Ayrı-ayrılıqda isə bu, mümkün deyil. 

Son xəbərlər

Orphus sistemi