"Sumqayıt"ın kapitanı "Neftçi"ni udmalarından danışdı

"Sumqayıt"ın kapitanı "Neftçi"ni udmalarından danışdı Vurğun Hüseynov: "Biz onların zəif tərəflərindən istifadə edərək, qələbə qazandıq"
Futbol
5 Aprel , 2021 10:34
Sumqayıtın kapitanı Neftçini udmalarından danışdı
Vurğun Hüseynov

"Bizim üçün ağır səfər olacağını bildirdik. Çünki rəqib son matçlarda qələbələr qazanırdı və çox yaxşı oynayırdı. Görüşə ciddi hazırlaşmışdıq. Baş məşqçi Ayxan Abbasov rəqibin güclü və zəif tərəflərini bizə aşılamışdı".

Bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt" komandasının kapitanı Vurğun Hüseynov Premyer Liqanın XXI turunda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

33 yaşlı müdafiəçi "ağ-qaralar"ı qarşılaşma ərzində zərərsizləşdirə bildiklərini söyləyib: "Biz onların zəif tərəflərindən istifadə edərək, qələbə qazandıq. Komanda olaraq qələbəyə köklənmişdik. 1 xal da qənaətbəxş olardı. Çünki hansısa komanda "Neftçi" səfərindən 3 xalla qayıdacaqlarını öncədən deyə bilməz. Biz bu çətin səfərdən qələbə ilə ayrılmağı bacardıq".

Hüseynov start heyətində yer almamasına da toxunub: "Zədəmi tam sağaltmışam. Amma hələ formada deyiləm. Tam formaya düşməyim üçün vaxt lazımdır. Bu səbəbdən, ikinci yarıda meydana daxil oldum".

Kapitan görüşdən sonra bütün futbolçuları başına toplamasının səbəbini də açıqlayıb: "Komandada kimin oynamasından asılı olmayaraq, hamı yaxşı nəticə üçün çalışmalıdır. Futbolçulara deyirdim ki, qarşıdakı oyunlarda hamımız bir yumruq kimi olmalıyıq. Belə olacağı təqdirdə, yaxşı nəticələrimiz olacaq".

Qeyd edək ki, hazırda "Neftçi" 42 xalla 2-ci, "Sumqayıt" 29 xalla 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi