SOCAR AVRO-2016-nın kubokunun təqdimatını keçirib

SOCAR AVRO-2016-nın kubokunun təqdimatını keçirib Eyni zamanda, mərasim çərçivəsində Azərbaycanın milli musiqiləri səsləndirilib, konsert təşkil edilib
Futbol
2 Oktyabr , 2015 19:33
SOCAR AVRO-2016-nın kubokunun təqdimatını keçirib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün SOCAR “Expo Milan-2015” sərgisindəki Azərbaycan pavilyonunda futbol üzrə Avropa çempionatı AVRO-2016-nın kubokunu səhər saat 10-dan axşam saat 11-ə qədər qonaqlara və futbol azarkeşlərinə təqdim edib.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, AVRO-2016 da daxil olmaqla, Avropanın milli yığma komandaları arasında keçiriləcək bütün yarışlarının rəsmi sponsoru olan SOCAR UEFA tərəfindən dəstəklənən ədalətli oyun prinsipləri və qarşılıqlı hörmət dəyərləri ilə daha dayanıqlı dünya üçün atılan addımlar arasındakı vəhdəti vurğulayaraq AVRO-2016-nın əsas mükafatı olan kuboku EXPO tədbirinə gətirməkdən qürur duyduğunu bəyan edib.

Gələn ilin yayında Fransada keçiriləcək AVRO-2016 Avropa çempionatının qalibinə təqdim ediləcək kuboku görə bilmək bütün futbol azarkeşləri üçün nadir fürsətdir. Kubokun Milanda keçirilən EXPO sərgisində təqdim edilməsi isə diqqəti Azərbaycan və İtaliya milli yığma komandaları arasında oktyabrın 10-da Bakıda baş tutacaq futbol oyununa cəlb edir.

UEFA-nın ilk katibi Anri Delon şərəfinə adlandırılmış futbol üzrə Avropa çempionatının kuboku Artus Bertran tərəfindən 1960-cı ildə Parisdə dizayn edilmiş və əvvəlki 45 il ərzində qalib komandalara təqdim edilmiş kuboku əvəzləyərək yeni mükafat kimi qalib komandalara təqdim olunacaq. SOCAR fürsətdən istifadə edərək kuboku gün ərzində ən innovativ pavilyon kimi dəyərləndirilən və qonaqlar tərəfindən ən çox qiymətləndirilən Azərbaycan pavilyonunda azarkeşlərə və qonaqlara nümayiş etdirib. Kubok pavilyonun birinci mərtəbəsində yerləşdirilib və futbol azarkeşlərinə kubokla şəkillər çəkdirməyə imkan yaradılıb. Eyni zamanda, pavilyonun arxasında yerləşən meydançada Azərbaycanın milli musiqiləri səsləndirilib, konsert təşkil edilib.

SOCAR Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əsas rəsmi sponsoru qismində respublikamızda futbolun aktiv və etibarlı tərəfdaşı kimi çıxış edir. Azərbaycan milli yığma komandasının sponsoru olmaq şirkətə özünü qlobal səviyyədə tanıtmaq üçün unikal platformadır. Bu, həm də SOCAR-ın enerji sektorunda qabaqcıl brendə çevrilmək məramına uyğundur.

Son xəbərlər

Orphus sistemi