"Qarabağ" Avropa Liqasında növbəti mərhələyə yüksəlmək şansını itirib - FOTO - YENİLƏNİB-5

"Qarabağ" Avropa Liqasında növbəti mərhələyə yüksəlmək şansını itirib - FOTO - YENİLƏNİB-5 Qarabağ komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Futbol
558
29 Noyabr , 2019 01:49
Qarabağ Avropa Liqasında növbəti mərhələyə yüksəlmək şansını itirib - FOTO  - YENİLƏNİB-5

"Qarabağ" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin V turu çərçivəsində İspaniyada "Sevilya"nın qonağı olub. "Ramon Sançes Pisxuan" stadionunda baş tutan matçda meydan sahibləri qalib gəliblər - 2:0.

İspaniya təmsilçisi növbəti mərhələyə vəsiqəni hələ ötən tur təmin etdiyindən, baş məşqçi Xulen Lopetegi kapitan Xesus Navasla yanaşı, Ever Baneqa, Nolito, Fernando Rejes, Serxio Reqilon və Lük de Yonq kimi aparıcı futbolçuları qarşılaşmanın "18-liy"inə daxil etməyib. Komandalar görüşə bu "11-lik"lə çıxıblar:

"Sevilya": 13. Yassin Bunu, 3. Serxi Qomes, 6. Daniel Karriço (k), 7. Runu Lopes, 9. Munas Dabbur, 11. Munir. 14. Xavyer Ernandes (Çiçarito), 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres,

"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 4. Rahil Məmmədov 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdulla Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

Oyunun ilk 30 dəqiqəsində qapılar önündə real qol epizodu olmasa da, andalusiyalıların cüzi üstünlüyü olub. Hər iki komanda cinahlardan rəqib müdafiəsini yarmağa çalışıb. "Sevilya" ardıcıl 2 epizodda müdafiəçilərlə Beqoviç arasında anlaşmazlıqdan yararlanmaq istəsə də, buna nail ola bilməyib. Fasilə ərəfəsində Beqoviç Munirin cərimə zərbəsindən vurduğu topu çətinliklə dəf edib.

Komandalar ikinci hissəyə də eyni heyətlə çıxıblar. Başlanğıcda "Qarabağ"ın qapısı önündə 2 təhlükəli epizod olub. Munirin zərbəsini Beqoviç zərərsizləşdirdiyi halda, Dabburun vurduğu top yandan keçib.

Matçda ilk dəyişiklik 54-cü dəqiqəyə təsadüf edib.

"Sevilya"nın heyətində Lopes yerini Brayan Gilə verib və bu əvəzetmə özünü doğruldub. 61-ci dəqiqədə Romeronun səhvindən sonra topu ələ keçirən 18 yaşlı hücumçu hesabı açıb. Onun zərbəsindən sonra Məmmədova dəyərək istiqamətin dəyişən top qapı xəttini keçib.

Qoldan sonra Lopetegi daha 2 dəyişiklik edib. Baş məşqçi 61-ci dəqiqədə Çiçaritonu Franko Vaskeslə, 68-ci dəqiqədə Torresi Joze Mena ilə əvəzləyib. Qurbanov isə Hüseynovun yerinə Araz Abdullayevi, Romeronun əvəzinə isə Mahir Emrelini meydana buraxıb.

Dəyişikliklərdən sonra da "Qarabağ" meydanın mərkəzini keçməkdə çətinlik çəkib. Yalnız 10 dəqiqəlik bölümdə Azərbaycan təmsilçisi bir neçə hücum təşkil edə bilib. 75-ci dəqiqədə Məmmədov Dabburun fərqlənməsinə imkan verməyib. Ardınca rəqibin qapıçısı Miçel və Emrelinin fərqlənməsinə mane olub. Növbəti epizodda isə Beqoviç çıxışda Dabburu qabaqlayıb.

84-cü dəqiqədə "Qarabağ"ın heyətində ispaniyalı Dani Kintana həmyerlisi Miçelin yerinə oyuna qoşulub. Ardınca isə Beqoviç Munirin təhlükəli zərbəsini dəf edib.

Ağdam təmsilçisi səylərinə baxmayaraq, məğlubiyyətdən qaça bilməyib. Əvəzində Dabbur 90+2-ci dəqiqədə 2-ci qolu vurub və yekun nəticəni müəyyənləşdirib.

Paralel keçən matçda Kipr APOEL-i Lüksemburqda "Düdelanj"ı 2:0 hesabı ilə üstələyərək xalını 7-ə çatdırıb və növbəti mərhələyə vəsiqəni təmin edib. Hazırda 4 xalla 3-cü sırada olan "Qarabağ" son turda Bakıda Lüksemburq təmsilçisini məğlub etsə belə, şəxsi oyunlarda (2:2, 1:2) APOEL-dən geri qaldığı üçün növbəti raunda yüksələ bilməyəcək.

A qrupunun lideri "Sevilya" bu qələbdən sonra xalını 15-ə çatdırıb. "Düdelanj" isə 3 xalla son pillədədir.

"Qarabağ" Avropa Liqasında son matçını dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda "Düdelanj"a qarşı keçirəcək.

Qeyd edək ki, "Qarabağ" bunadək qitəmiqyaslı yarışlarda iştirakçısı olduğu 5 qrup mərhələsində də növbəti raunda adlaya bilməyib. Bunlardan 1-i Çempionlar Liqasına, qalanları Avropa Liqasına təsadüf edib.

Avropa Liqası

A qrupu, V tur

24:00. "Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 2:0

Qollar: Brayan Xil, 61. Munas Dabbur, 90+2

Baş hakim: Məhəmməd Əl-Hakim

Yan xətt hakimləri: Fredrik Kliver və Mahbod Beigi

Dördüncü hakim: Martin Strömberqsson (hamısı İsveç)

Sevilya, "Ramon Sançes Pisxuan" stadionu


***01:48

"Sevilya" ikinci topu "Qarabağ"ın qapısından keçirib.

"Report" xəbər verir ki, 90+2-ci dəqiqədə Dabbur meydan sahiblərinin növbəti qolunu vurub - 2:0.


***01:17

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən "Sevilya" - "Qarabağ" oyununda hesabı açılıb

"Report" xəbər verir ki, meydan sahibləri qarşılaşmanın 61-ci dəqiqəsində "Qarabağ"ın qapısına yol tapa biliblər. "Sevilya"nın heyətində Brayan Xil fərqlənib - 1:0 


***01:00

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən "Sevilya" - "Qarabağ" oyununun ikinci hissəsi başlayıb.

"Report" xəbər verir ki, qarşılıqlı hücumlara baxmayaraq komandalar oyununun birinci hissəsində hesabı aça bilməyiblər.


***00:45

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən "Sevilya" - "Qarabağ" oyununun birinci hissəsində hesab açılmayıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.


***00:00

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxıb.

"Report" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin V turu çərçivəsində İspaniyanın "Sevilya" komandası ilə qarşılaşır.

"Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Qarşılaşmanı baş hakim Məhəmməd Əl-Hakim, yan xətt hakimləri: Fredrik Kliver, Mahbod Beigi və dördüncü hakim Martin Strömberqsson olmaqla isveçli hakimlər briqadası idarə edir. 

Son xəbərlər

Orphus sistemi