Bakı. 18 yanvar. REPORT.AZ/ İspaniyanın “Sevilya” klubu Avstriya “Zaltsburq”unun futbolçusu Munas Dabburu transfer edib.
“Report”un Andalusiya təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı israilli hücumçu ilə 2023-cü ilin yayına qədər müqavilə bağlanılıb. Sövdələşməyə əsasən, forvard cari mövsümün qalan bölümünü də “Zaltsburq”da keçirəcək və iyulun 1-dən “Sevilya”ya qoşulacaq.
Mətbuatda yer alan xəbərlərə görə, ispaniyalılar Avstriya klubuna 15 milyon avro ödəyib.
Qeyd edək ki, Munas Dabbur Avstriya çempionatının cari mövsümündə 18 oyuna 9 qol vurub. İsrail millisində 2014-cü ildə debüt edən hücumçunun hesabında 12 matçda vurulmuş 3 qol var.