“Şerif”in baş məşqçisi: "Qəbələ"dən daha güclü rəqiblə də düşə bilərdik"

“Şerif”in baş məşqçisi: "Qəbələ"dən daha güclü rəqiblə də düşə bilərdik" "Bizə asan olmayacaq"
Futbol
5 Sentyabr , 2018 11:52
“Şerif”in baş məşqçisi: Qəbələdən daha güclü rəqiblə də düşə bilərdik

Bakı. 5 sentyabr. REPORT.AZ/ “Püşkün nəticəsindən razıyam. Daha güclü rəqiblə də düşə bilərdik. Misal kimi Almaniyanın “Herta” və Yunanıstanın PAOK komandalarını göstərə bilərəm”.

“Report” xəbər verir ki, bunu UEFA Gənclər Liqasının I mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Moldova “Şerif”inin baş məşqçisi Luka Pavloviç klubun rəsmi saytına müsahibəsində deyib.

54 yaşlı mütəxəssis bildirib ki, “Qəbələ” asan rəqib deyil. O, taktiki planda hazırlıq keçəcəklərini söyləyib: “Daha güclü rəqiblə oynamaq gənclərin inkişafı baxımından təcrübə toplamalarına imkan verir. “Qəbələ”nin asan rəqib olduğunu deyə bilmərəm. Lakin ilk mərhələdə layiqli çıxış etmək üçün bütün lazımi keyfiyyətlərimiz var. Hazırda çempionatda 10 günlük fasilədir. Bu müddəti futbolçuları taktiki planda hazırlamaq üçün istifadə edəcəyik. Oyunçuların fiziki durumu lazım olan səviyyədədir. Psixoloji baxımdan da bir qədər artırmalıyıq”.

“Qəbələ” barədə heç bir məlumatının olmadığını deyən xorvatiyalı baş məşqçi rəqibi təhlil etdikdən sonra oyun planını quracaqlarını vurğulayıb: “Azərbaycanda futbolun inkişaf etdiyini və bu sahəyə çoxlu sərmayənin yatırıldığını bilirəm. Orada güclü məktəblər fəaliyyət göstərir. Bizə asan olmayacaq. Bu, birmənalıdır. Rəqibin oyununu yaxşı təhlil etməli, komandamızı elə kökləməliyik ki, futbolçular özlərinə və güclü keyfiyyətlərinə inansınlar. Təhlil rəqibin güclü və zəif cəhətlərini bizə göstərəcək. Bundan sonra Azərbaycanda keçiriləcək ilk oyunun planını quracağıq. İlk oyunun səfərdə keçirilməsi bizim üçün yaxşıdır. Bu, cütün qalibinin müəyyənləşəcəyi cavab matçına hazırlıq baxımından önəmlidir. Əsas odur ki, səfərdə müsbət nəticə qazanaq”.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun oktyabrın 3-də Qəbələdə, cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək. "Qəbələ" "Şerif" səddini adlayacağı təqdirdə, "Herta" (Almaniya) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun noyabrın 7-də Qəbələdə, cavab matçı isə noyabrın 28-də səfərdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi