Milli antidopinq qurumlarının səlahiyyətləri genişləndirilib

Milli antidopinq qurumlarının səlahiyyətləri genişləndirilib Ümumdünya Antidopinq Agentliyində (WADA) Milli Antidopinq Qurumlarının səlahiyyətləri artırılacaq.
Futbol
27 May , 2022 17:56
Milli antidopinq qurumlarının səlahiyyətləri genişləndirilib

Ümumdünya Antidopinq Agentliyində (WADA) Milli Antidopinq Qurumlarının səlahiyyətləri artırılacaq.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) "Report"a verilən məlumata görə, milli antidopinq qurumları WADA-nın Təsisçilər Şurasında təmsil olunacaq.

Bununla bağlı qərar WADA-nın Milli Antidopinq Qurumları üzrə Ekspert Qrupunun təklifi əsasında qəbul edilib.

2020-ci ildə Ekspert Qrupunun üzvü Şəfəq Hüseynli ölkələr üzrə antidopinq siyasətini həyata keçirən Milli Antidopinq Qurumlarının qlobal səviyyədə də antidopinq siyasətinin formalaşmasında iştirakının vacibliyini əsas gətirərək bu məsələnin gündəliyə daxil edilməsini təklif edib. Uzunmüddətli müzakirələrdən sonra WADA-nın İcraiyyə Komitəsi və Təsisçilər Şurasının 18-19 mayda Misirdə keçirilmiş iclasında Ekspert Qrupunun məsələ ilə bağlı yekun təqdimatı dəstəklənib.

İclasda WADA-nın ali qurumu olan Təsisçilər Şurasında milli antdiopinq qurumlarının və idmançıların təmsil olunmaları, habelə Ekspert Qrupunun statusunun yüksəldilməsi və bu istiqamətdə müvafiq struktur islahatlarının həyata keçirilməsi təsdiqlənib. Bununla da qurumun Təsisçilər Şurası üzvlərinin sayı 4 nəfər artırılıb. Onlardan yarısı Milli Antidopinq Qurumlarını, yarısı idmançıları təmsil edəcək və qəbul ediləcək qərarlarda səsvermə hüquqları olacaq.

24-25 mayda WADA-nın Milli Antidopinq Qurumları üzrə Ekspert Qrupunun İsveçrənin Lozanna şəhərində keçirilmiş iclasının əsas müzakirə mövzusu da məhz həmin struktur və idarəetmə islahatları olub. İclasda Ekspert Qrupunun üzvü, AMADA-nın direktoru Şəfəq Hüseynli iştirak edib.

Qlobal səviyyədə antidopinq siyasətinin təkmilləşdirilməsi baxımından vacib olan islahatların gündəlikdə olduğu iclasda WADA-nın baş direktoru Olivie Niqqli də şəxsən iştirak edib və islahatların icra mexanizmi geniş müzakirə olunub. Sözügedən islahatlara əsasən Ekspert Qrupunun statusu yüksəldilir və Qrup artıq öz təklif-tövsiyələrini birbaşa qərarlaşdırılması üçün Təsisçilər Şurasına təqdim edəcək.

Xatırladaq ki, WADA-nın Milli Antidopinq Qurumları üzrə Ekspert Qrupu 2015-ci ildə yaradılıb və AMADA 2019-cu ildən qrupda təmsil olunur. Ekspert Qrupunda bütün dünya üzrə cəmi 8 ölkə təmsil olunur ki, onlardan biri də Azərbaycandır. Qrup, milli antidopinq təşkilatları üzrə fəaliyyət strategiyasının hazırlanması və standartların müəyyənləşdirilməsi məsələlərində WADA-ya tövsiyələr verir.

Son xəbərlər

Orphus sistemi