"Səbail" klubu İslamiada səfirinin keçirdiyi master-klassa ev sahibliyi edib

"Səbail" klubu İslamiada səfirinin keçirdiyi master-klassa ev sahibliyi edib Master-klass Ruslan Abışov tərəfindən keçirilib
Futbol
15 mart 2017 20:51
Səbail klubu İslamiada səfirinin keçirdiyi master-klassa ev sahibliyi edib

Bakı. 16 mart. REPORT.AZ/ "Səbail" klubu “Neftçi”nin futbolçusu və IV İslam Həmrəyliyi Oyunlarının səfiri Ruslan Abışovun rəhbərliyi altında keçirilmiş xüsusi master-klassa ev sahibliyi edib.

"Report"un məlumatına görə, I Divizion təmsilçisi ev oyunlarını keçirdiyi "Bayıl Arena"nı təlim iştirakçılarının ixtiyarına verib.

"Səbail" rəhbərliyi təlimin yüksək səviyyədə təşkil olunmasına xüsusi həssaslıqla yanaşdığını və bu cür tədbirlərə hər zaman dəstək olduğunu və olacağını bildirib.

Master-klassa əsasən, “Vətən” və “Leon” klublarının 12 - 15 yaş kateqoriyasından olan azyaşlı və gənc futbolçuları qatılıblar. İki saata yaxın davam edən tədbirdə Abışov yaşıl meydanda qazandığı təcrübəsini uşaqlarla bölüşüb.

Təlim zamanı iştirakçıların hər biri ilə ayrı-ayrılıqda məşğul olan "Neftçi"nin kapitanı əvvəlcə onlarla birlikdə isinmə hərəkətləri edib. Daha sonra iştirakçılara oyunun gedişatı zamanı müxtəlif vəziyyətlərdə istifadə edə biləcəkləri xüsusi taktikalar öyrədib. Təlimin sonunda tanınmış futbolçu uşaqlara sertifikatlar təqdim edib.

İslam Həmrəyliyi Oyunlarının səfiri olaraq Abışov bu cür pulsuz təlimlərin təşkil olunmasını təqdir edib. O bildirib ki, Azərbaycan futbolunun gələcəyi məhz bu uşaqlardan başlayır. Ölkə futbolunun gələcəyi üçün isə təcrübəli yarımmüdafiəçi bir futbolçu və vətəndaş kimi əlindən gələn köməyi etməyə hər zaman hazır olduğunu açıqlayıb.

Bundan öncə İslam Həmrəyliyi Oyunlarının səfirlərindən cüdoçular Elmar Qasımov, Rüstəm Orucov, eləcə də güləşçi Hacı Əliyev öz idman sahələrinə uyğun master-klasslar təşkil edib və bu təlimləri Azərbaycan xalqına mənəvi təşəkkür kimi dəyərləndiriblər.

Son xəbərlər

Orphus sistemi