"Səbail"in müdafiəçisi: "Qarabağ"ın Avropa Liqasında oynaması bizim üçün fürsətdir"

"Səbail"in müdafiəçisi: "Qarabağ"ın Avropa Liqasında oynaması bizim üçün fürsətdir" Çempionat başlamamışdan öncə belə fikirlər səslənirdi ki, heç kəs Səbaili ciddi rəqib hesab etməyəcək. Artıq bizim kollektivdə legionerlər də azlıq təşkil edir. Premyer Liqaya yaxşı start verməyimizin səbəbi mehriban kollektivimizin olmasıdır. Komanda ötən mövsümü yaxşı əhval-ruhiyyədə başa vurub. Bu amillər əsas rol oynayır və komandadakı atmosfer yaxşı nəticələrə gətirib çıxarır.
Futbol
29 Avqust , 2019 12:05
Səbailin müdafiəçisi: Qarabağın Avropa Liqasında oynaması bizim üçün fürsətdir

"Çempionat başlamamışdan öncə belə fikirlər səslənirdi ki, heç kəs "Səbail"i ciddi rəqib hesab etməyəcək. Artıq bizim kollektivdə legionerlər də azlıq təşkil edir. Premyer Liqaya yaxşı start verməyimizin səbəbi mehriban kollektivimizin olmasıdır. Komanda ötən mövsümü yaxşı əhval-ruhiyyədə başa vurub. Bu amillər əsas rol oynayır və komandadakı atmosfer yaxşı nəticələrə gətirib çıxarır".

Bu fikirləri "Report"a açıqlamasında Premyer Liqanın ilk iki turunda "Zirə" və "Sumqayıt"ı məğlub edən "Səbail" klubunun futboluçusu Şəhriyar Rəhimov deyib. 

30 yaşlı müdafiəçi III turda qarşılaşacaqları "Qarabağ"la matç barədə də fikirlərini bölüşüb: "Qarabağ"ın gücü hamıya məlumdur. Etiraf etmək lazımdır ki, onlar çempionatdakı digər komandalardan üstün və Azərbaycan Premyer Liqasında seçilən komandadır. Amma bu, o demək deyil ki, rəqibə görə əl-qolumuzu sallayıb meydana çıxmalıyıq. Belə bir fikir yoxdur. Çalışacağıq ki, xal qazanaq və layiqli mübarizə aparaq. Düşünürəm ki, indiki vəziyyətdə onlardan xal almaq mümkündür". 

Rəhimov Ağdam təmsilçisinin bu gün Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiya "Linfild"i ilə cavab oyununa çıxacağını və bunun növbəti matça təsir edə biləcəyini vurğulayıb: "Etiraf etmək lazımdır ki, bu, bizimlə görüşə təsir edə bilər. Mən "Qarabağ"ın heç də çempionata önəm vermədiyini nəzərdə tutmuram. Amma komandanın bizdən öncə çox vacib matçı var. Bu isə yaxşı nəticə qazanmağımız üçün fürsətdir. Hamıya bəllidir ki, "Qarabağ" qışa kimi heyətdə bəzi dəyişikliklər edir. Amma demək olar ki, hamısı eyni səviyyədə olan oyunçulardır. O komandada ikinci heyət anlayışı yoxdur. Asan qarşılaşma olmayacaq. Kimsə deyə bilər ki, rəqib ikinci heyətlə mübarizə aparıb. Bu, yanlış fikirdir. Bəlkə də, Ağdam klubunun Avropa Liqasında oynaması bizim üçün fürsətdir. Fikirlərini ora yönləndiriblər. "Qarabağ"ın hansı heyətlə meydana çıxmasından asılı olmayaraq, bacardığımızı etməyə çalışacağıq. Bu, bir fürsətdir və istifadə etmək istəyirik". 

Müdafiəçi klubdaxili maddi problemlər barədə danışmaq istəmədiyini söyləyib. O, belə problemlərin kollektivə təsir etməyəcəyinə ümid etdiyini vurğulayıb: "Bizə deyiblər ki, hər şey yaxşı olacaq. Bütün bunlar həll olunan məsələlərdir. Çox istəyirik ki, bu, qarşıdakı matçlarda bizə təsir etməsin. Bu barədə çox danışmaq istəmirəm. Problemin mövcudluğu hamıya bəllidir".

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək "Səbail" - "Qarabağ" matçı saat 21:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi