Bakı. 4 noyabr. REPORT.AZ/ "Hər oyun bizim üçün bir təcrübədir. Çoxdandır səfər oyunu keçirmirdik. Düzdür, 3 qol buraxdıq. "Qəbələ"dən daha çox qol gözləyirdim. Rəqib qapımıza 4 ya 5 zərbə endirdi ki, onun da 3-dən istifadə etdi".
"Report" xəbər verir ki, bunu Topaz Premyer Liqasının XI turunda səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzan "Səbail"in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Nurlan Novruzov əvəzlənən epizodda ona sərt etiraz etdiniz. Bu, nə ilə bağlı idi?
- Nurlan hələ ki, istədiyimizi vermir. Onun oyunundan narazı qaldım.
- "Qəbələ" boşluqlara yol versə də, bundan istifadə edə bilmədiniz...
- Bəli, rəqibin boşluqları çox oldu. Ancaq istifadə edə bilmədik.
- Son oyunlarda Amit Quluzadə yaxşı oyun sərgiləsə də, bu gün meydanda yox idi. Səbəb nə idi?
- Amit zədəlidir. "Qarabağ"la oyunda zədələnib. Buna görə, bu gün meydana çıxa bilmədi.
- "Səbail" əvvəlki oyunlarda daha sürətli görünürdü...
- Çalışırıq ki, sürətli oyun keçirək. Ancaq "Qəbələ" kimi komandalarla oyunda bu, elə də alınmır. Məncə, bu cür rəqibə qarşı oyunumuz normal idi. Komandamın oyunundan razı qaldım.
- Murad Ağayev mərkəzdə çox top itirirdi...
- Əsas o idi ki, ötürməni dəqiq verəsən. Bilirdik ki, standart vəziyyətlərdə problemimiz olacaq. Rəqibin oyunçuları bizdən ucaboyludur.
- Bu gün "Qəbələ" güclü oynadı, yoxsa siz?
- Rəqibin daha çox hücumunu gözləyirdik. Fikrimcə, biz daha yaxşı təsir bağışladıq. Qapımız qarşısında çox təhlükəli vəziyyətlər yaratmadılar. Sadəcə, ustalıq öz sözünü dedi.
- Qışda dəyişiklik gözlənilir?
- Bizim müəyyən büdcəmiz var. Çalışırıq, ona uyğun oyunçular cəlb edək. Heyətimizdə gənclər çoxdur. Azərbaycan futboluna yeni futbolçular qazandırmaq niyyətindəyik.
- Komandada gənc deyəndə kimləri nəzərdə tutursunuz?
- Vüqar Nadirov və Popoviçini çıxsaq, komanda çempionatda ən gəncdir. Bizim komandamız ancaq Bakıda çıxış edib. Belə oyunlar çox keçirməliyik ki, təcrübə toplayaq.