"Santos" klubundan etiraz: Messi Pelenin rekordunu keçməyib

"Santos" klubundan etiraz: Messi Pelenin rekordunu keçməyib Braziliya "Santos"u İspaniya "Barselona"sının futbolçusu Lionel Messinin bir klubdakı qol sayında Pelenin rekordunu keçməsinə dair iddialarla razılaşmayıb.
Futbol
2495
27 Dekabr , 2020 14:55
Santos klubundan etiraz: Messi Pelenin rekordunu keçməyib
Lionel Messi və Pele

Braziliya "Santos"u İspaniya "Barselona"sının futbolçusu Lionel Messinin bir klubdakı qol sayında Pelenin rekordunu keçməsinə dair iddialarla razılaşmayıb.

"Report"un məlumatına görə, bu barədə San-Paulu təmsilçisinin yaydığı rəsmi açıqlamada bildirilir.

Dekabrın 23-də Messi "Valyadolid"ə 3:0 hesabı ilə qalib gəldikləri İspaniya çempionatı matçında fərqlənərək, "Barselona"da ümumilikdə 644-cü qolunu vurub. Pelenin isə "Santos"un heyətində 643 qol vurduğu göstərilib.

Lakin Braziliya klubunun rəhbərliyi hesab edir ki, statistikaya yoldaşlıq görüşlərindəki qolları da daxil etmək lazımdır. Bu halda, Pelenin aktivindəki topların sayı 1091-ə çatacaq: "Yoldaşlıq görüşlərində vurulmuş 448 qolun guya az əhəmiyyət kəsb etdiyi bildirilir. Halbuki qollar Meksika "Amerika"sı, Çili "Kolo Kolo"su, İtaliya "İnter"i, İspaniya "Real Madrid"i kimi həmin mövsümlərin güclü komandaları ilə oyunlarda vurulub. Messinin hazırda oynadığı "Barselona"nın özünə Pele 4 qol vurub. Bəzi tarixçilər iddia edirlər ki, 448 qolun çoxu zəif və ya regional komandaların qapısından keçirilib. Amma hətta belədirsə də, bu matçlar bütün rəsmi qaydalar və protokollara əməl edilməklə gerçəkləşib. Statistik göstəriciləri hazırlayarkən, rəqiblərin səviyyələrini qiymətləndirməmək düzgün deyil".

"Santos" hesab edir ki, Pele klubda daha çox qol vura bilərdi. Lakin o, Braziliya millisinin heyətində dünya çempionatına hazırlaşdığı üçün 1962, 1966, 1969, 1970-ci illərdə iki ay "Santos"da oynamayıb.

Qeyd edək ki, Lionel Messi "Barselona"nın əsas komandasında 2004-cü ildə debüt edib. Pele isə "Santos"da 1956 - 1974-cü illərdə forma geyinib. Braziliyalı hücumçunun adı Ginnesin Rekordlar Kitabına salınıb. Müxtəlif mənbələrdə onun 1279 - 1283 aralığında qol vurduğu göstərilib.

Son xəbərlər

Orphus sistemi