Samir Abasov: "Yeni transferlərdən xoş siqnallar aldıq"

Samir Abasov: "Yeni transferlərdən xoş siqnallar aldıq" "Neçə mətbuat konfranslarına baxıram, bir dəfə hansısa baş məşqçiyə "niyə filan futbolçunu oynatmadınız" sualı verilmir. Sezar Meza Kolli ilk hissənin ən yaxşısı idi. Sadəcə, zədələndi, əzələsini dartdı. Ona görə ikinci yarıda oynamadı".
Futbol
19 Sentyabr , 2021 21:04
Samir Abasov: Yeni transferlərdən xoş siqnallar aldıq

"Neçə mətbuat konfranslarına baxıram, bir dəfə hansısa baş məşqçiyə "niyə filan futbolçunu oynatmadınız" sualı verilmir. Sezar Meza Kolli ilk hissənin ən yaxşısı idi. Sadəcə, zədələndi, əzələsini dartdı. Ona görə ikinci yarıda oynamadı".

"Report"un məlumatına görə, bunları "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, yeni transferlər artıq komandaya uyğunlaşırlar: "İnanıram ki, komandaya xeyir verəcəklər. Ramon Maçado digərlərinə baxanda daha hazırlıqlıdır. Bəlkə bir hissəni tam oynamaq da onun üçün tezdir. Amma oynadıqca formaya düşəcək. Komandada bu cür futbolçular olanda əhval-ruhiyyə də düzəlir. Hamı rəqabəti hiss edir. Tiaqo Bezerra da özünü yaxşı tərəfdən göstərdi. Yeni transferlərdən xoş siqnallar aldıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq".

Abasovun sözlərinə görə, avrokuboklarda bu heyətdən çox şeylər gözləyirdilər: "Bəlkə də reallıqdan uzaqlaşmışdıq. Ola bilər ki, Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını udmağımız insanları ümidləndirmişdi. Səbrli olmaq lazımdır. Bu komanda gələcəkdə 100 faiz qruplara düşəcək. Mən buna inanıram".

"Keşlə"dəki həmkarı Sənan Qurbanovun fikirlərinə münasibət bildirən baş məşqçi ona səbrli olmağı arzulayıb: "Ardıcıl 2 mövsümdə ölkə kubokunu qazanmaq asan iş deyil. Onun dediklərinə mən də qatılıram. Hər şeyi nöqtəsinədək düz deyir. İnanıram ki, əlindən gələni edib, komandanı vəziyyətdən çıxaracaq".

Abasov Romen Bask və Harramiz Soaresin heyətdə olmamasının səbəbini də açıqlayıb: "Övladları dünyaya gəldiyi üçün onlara ölkələrinə getməyə icazə verdik. Elə məsələdir ki, getməsələr, olmur. Hətta Bask həddindən artıq pis vəziyyətə düşmüşdü. Ömər Buludov iki həftəlik karantindən yeni çıxıb. Xorxe Korrea isə yeni gəldiyi üçün heyətdə yox idi. Futbolçuların hamısını oynatmağı çox istərdim. Əsas odur, sağlam olsunlar. Nikita Rukavitsa Bakıya gəldi, amma keçidi alınmadı. Axtarışda idik. Yeni transferlərin yaxşı və ya pis olduğunu zaman göstərəcək. İnanın ki, bu futbolçular hətta ilin əvvəlində belə, bizim üçün əlçatmaz idilər".

Son xəbərlər

Orphus sistemi