Samir Abasov: "Sonda zərbə 100 faiz baş məşqçiyə dəyəcək"

Samir Abasov: "Sonda zərbə 100 faiz baş məşqçiyə dəyəcək" "Çempionatın açılış oyunu idi. Bundan artığını gözləmirdik".
Futbol
15 Avqust , 2021 22:41
Samir Abasov: Sonda zərbə 100 faiz baş məşqçiyə dəyəcək
Samir Abasov

"Çempionatın açılış oyunu idi. Bundan artığını gözləmirdik".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın l turunda evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, bu görüşdə futbolçuların zədələnməsini istəməyib: "4 gün sonra vacib matça çıxacağıq. Uşaqlar əllərindən gələni etdilər. Bəzilərinə həddindən artıq yük düşür. Amma bunun qarşısını ala bilmirik. Yaranmış vəziyyətlə bağlı nikbinliyimizi də itirmişik. Konfrans Liqasında İsrailin "Makkabi" klubuna qarşı yaxşı oynamaq niyyətindəyik. Oyunçular sağ olsun, bu gün əllərindən gələni etdilər".

Abasov müdafiədəki səhvlərdən də danışıb: "Makkabi" ilə oyunun necə olacağını heç kim bilmir. Meydandakı bəzi səhvləri yorğunluqla da əlaqələndirmək olar. Hazırlığımız da o səviyyədə deyil. "Makkabi" HİK və "Qəbələ" deyil. Heç kim bu ifadədən inciməsin. Bu səhvlər olmamalıdır. Futbolda belə hallar baş verir. Çalışacağıq ki, növbəti qarşılaşmalarda bunlar yaşanmasın. Eyni oyunçularla müdafiə olunanda səhvlər də qaçılmazdır".

Baş məşqçi Harramiz Suares müxtəlif mövqelərdə oynadığını xatırladıb: "O, uğursuz transfer salıya bilər, bunu zaman göstərəcək. Harramiz də bizə gec qoşulub və ona müxtəlif tapşırıqlar verilib. Futbolçu üçün də çətindir. Düz başa düşün, onu "Barselona"dan gətirməmişik. Ümid edirəm ki, uyğunlaşma prosesini tez keçəcək. Bizim sistem elədir ki, Harramizdən hücumda daha effektli olmasını istəyirik. Karyerası ərzində ən çox cinahlarda çıxış edib. İnanıram ki, hansısa oyunlarda bizə daha çox kömək edəcək".

Mütəxəssis heyətdəki oyunçuların sayının məlum olduğunu deyib: "Bu gün Emin Mahmudov yorğun vəziyyətdə oynadı. Sabir Buqrində hərarət var idi. Vəziyyəti çox pis oldu. Səbəblər məlumdur. Məndən yaxşı bilirsiniz. Üzüldüyümüz məqam odur ki, HİK-lə oyundan sonra bəzi oyunçularımızın üstünə düşdülər. Bunlar hazırkı dönəmdə haqsızlıq idi. Hər şeyə vicdanla qiymət verənlər başa düşür ki, biz əlimizdən gələni etməyə çalışırıq".

O, son olaraq Türkiyənin "Bursaspor" klubu ilə müqavilə imzalayan Namik Ələskərovun komandadan gedişi haqqında danışıb: "Əsas heyətdə yer alan futbolçunun bu durumda getməyi bizə böyük zərbə oldu. "Neftçi" klubu heç kimi itirmir. Bu Namik Ələskərov və Samir Abasov ola bilər. Buradan gedənlər "Neftçi"ni itirdi deyə dərd etməlidir. Gedənlər fikirləşməlidir ki, bu cür komandanı itirdim. Bu gediş aylarla davam edən proses idi. Oyunçu qərar verdi və getdi. HİK-lə səfər oyunundan əvvəl yaxınlaşdı və dedi ki, getmək istəyirəm. Biz də dedik ki, qərar vermisənsə çıx get".

Abasov uğursuz nəticələrin fonunda zərbənin 100 faiz baş məşqçiyə dəyəcəyini də etiraf edib: "Daim belə şeylər olur. Birinci dəfə deyil".

Son xəbərlər

Orphus sistemi