"Bu iclasda qərarlardan söhbət getmirdi. Yalnız təklif müzakirə olundu. Klub nümayəndələrinin, baş məşqçilərin fikirləri dinlənildi. Qarşılıqlı fikir mübadiləsi oldu".
Bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov AFFA, Peşəkar Futbol Liqası (PFL) və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası barədə danışarkən deyib.
Toplantıda iştirak edən 42 yaşlı mütəxəssis orada müzakirə edilən məsələlərdən söz açıb. O, iclas zamanı səsləndirdiyi fikirləri açıqlayıb: "Hamımız çempionatın davam etdirilməsini istəyirik. Sadəcə, bu gün futbolçuların həyatı və şərtlər çox vacibdir. Orada da qeyd etdim ki, protokol üçün insanların həyatını riskə atmaq olmaz. Onları da fikirləşmək lazımdır. Düzdür, verilən bütün qərarlara hörmətlə yanaşıb, ona uyğun addım atacağıq. Tək bizim klubun yox, hamının qərarı önəmlidir. Biz özümüz də qəti qərarımızı verməmişik. Üzləşdiyimiz problemlərin, xəstələrin durumunu iştirakçılara çatdırdıq. Yenə də klub daxilində rəhbərlik və həkimlərlə hazırkı vəziyyəti müzakirə edəcəyik".
Abasov AFFA və PFL rəhbərliyinin müzakirə olunan məsələlərə hər hansı rəy vermədiyini söyləyib: "Həm Elxan Məmmədov, həm də Ramin Musayev bizi diqqətlə dinlədi. Elxan müəllim vurğuladı ki, bu, onun üçün də bir material oldu. AFFA-dan da yüksək qurumlar var. Bilirsiniz ki, bu xəstəlik tək futbola aid deyil. TƏBİB və digər qurumlarla da danışmaq lazımdır. Bəzi klubların fikirləri üst-üstə düşdü. Bəzən fikir ayrılıqları oldu. Bunlar sadəcə, müzakirə idi. Çox güman ki, bir-iki günə qərarlar qəbul olunacaq".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən bəzi klubların heyətində koronavirusa kütləvi yoluxma halları aşkarlandığı üçün XII turun bütün oyunları təxirə salınıb.