Samir Abasov: "İsrailə elə-belə gəlməmişik"

Samir Abasov: "İsrailə elə-belə gəlməmişik" "Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov İsraildə "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.
Futbol
25 Avqust , 2021 20:34
Samir Abasov: İsrailə elə-belə gəlməmişik

"Bu cür oyuna belə itkilərlə gəlmək yaxşı hal deyil. Əsas heyətin 3 üzvü sabah oynamayacaqlar. Rəqibin nə qədər güclü olduğunu Bakıda da gördük. Keyfiyyətli oyunçulardan yığılmış komandadır. Konfrans Liqası üçün güclü olan kollektivlə qarşılaşacağıq. Çox yaxşı hücum xəttinə malikdir. İlk oyunda da bunu hiss etdik. 3-4 gün öncə "Makkabi" kubok matçı keçirib. Həmin matçda baxdıqdan sonra bir daha şahidi olduq ki, komandanın oyununda keyfiyyət azalmayıb. Bu, bizə problem yarada bilər. Amma İsrailə elə-belə gəlməmişik. Başa düşürük ki, son şansımızdır. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Bakıda bu komandaya 3 qol vurmuşuqsa, burada da edə bilərik".

"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov İsraildə "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis Bakıda 3:3 hesablı heç-heçə etdikləri ilk matçdan gözləntilərinin böyük olduğunu bildirib: "Təəssüflər olsun ki, planımız baş tutmadı. Rəqibi keçmək olar. Amma olduqca ciddi itkilərimiz var. Xüsusilə Yusuf Lavalın olmaması bizə problem yaradacaq. Bu cür meydanda, azarkeşlər qarşısında oynamaq asan olmayacaq. Sonadək mübarizə aparıb, yaxşı nəticə qazanmaq istəyirik".

Abasov sabahkı matçda həddindən artıq diqqətli olmalı olduqlarını söyləyib: "İlk növbədə qol buraxmamalıyıq. Bakıdakı matçda rəqibin ustalığı ön plana çıxdı. Əvvəlcə bu problemləri aradan götürməliyik. Rəqibin hücumlarının qarşısını ala bilsək, Bakıya yaxşı nəticə ilə qayıda bilərik. Futbolçular cəzalı duruma düşəndən sonra beynimizdə müəyyən variantlar yarandı. Start heyətimiz bəllidir, sadəcə, indi açıqlamaq istəmirəm".

Onun sözlərinə görə, bütün komanda təzyiqə hazırdır: "Bilirəm, müdafiədəki səhvləri nəzərdə tutursunuz. Amma bu, bütün komandanın səhvidir. Əlimizdəki oyunçuların hamısı matça hazırdır. Bəzilərinə istirahət verdik. Çünki ilk oyun çox ağır keçmişdi. Bəlkə də yorğunluğun fonunda səhvlər etdik. "Zirə"yə qarşı çempionat oyununda meydana fərqli oyunçuları buraxdıq. Düşünürəm ki, bu yolla həmin yorğunluğu aradan qaldırdıq".

Abbasov deyib ki, gənc futbolçuların oyuna hazır olub-olmadıqları sabah görünəcək: "Bizim onlar üçün edə biləcəyimiz şey şans verməkdir. Hər şey öz əllərindədir. Gərək, oynasınlar ki, nəyəsə qiymət verək. Onlara inanıram. Düşünürəm ki, bu, həmin gənclərə kömək edə bilər".

Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.

Son xəbərlər

Orphus sistemi