Samir Abasov: "11 nəfərə qarşı 3 müdafiəçimiz oynadı" - MÜSAHİBƏ

Samir Abasov: "11 nəfərə qarşı 3 müdafiəçimiz oynadı" - MÜSAHİBƏ "Qoy, bu oyun bir dərs olsun"
Futbol
19 Aprel , 2018 14:45
Samir Abasov: 11 nəfərə qarşı 3 müdafiəçimiz oynadı - MÜSAHİBƏ

Bakı. 19 aprel. REPORT.AZ/ "Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Keşlə" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra "Report"a müsahibəsi...

- Cəzalı olduğunuz üçün görüşü tribunadan izlədiniz. Komandanızın finala yüksələ bilməməsinin səbəbini nədə görürsünüz?

- Bu görüşün nəticəsi məni təəccübləndirmədi. Məğlub olduğumuza görə heyfsiləndik. İlk dəfə finala çıxmağa şans qazanmışdıq. Matçı kənardan izləyirdim. Görünən o idi ki, "Keşlə" komandası daha istəkli və əzimkar oyun sərgilədi. Bu da öz bəhrəsini verdi. İki qarşılaşmanın yekununda qalib gəldilər. Bu onların haqqı idi. Layiq olduqları üçün finala yüksəldilər. İstədiyimiz oyun nə ilk, nə də cavab qarşılaşmasında göstərə bildik. Birinci görüşü bilmirəm nəyə bağlamaq olar... Bu gün isə 11-in 3-ə oynadıq. Bizim komandada 11 nəfərə qarşı 3 müdafiəçi oynadı. Digərləri demək olar ki, meydanda yox idilər. Bilmirəm, futbolçulara nə olmuşdu? Nə olsa da, bu, bəhanə olmamalıdır. Ən azından həyatında ilk dəfə finala vəsiqə qazanacaqdın. Ona görə də canını qoymalısan. Dişinlə də olsa, komandanı həlledici görüşə çıxartmalısan. Hansı ki, "Keşlə" bunu göstərdi. Futbolçulardan finala rahat çıxacaqlarını fikirləşənlərə qoy, bu oyun bir dərs olsun ki, həyatda rahat heç nə olmur.

- Uzun müddətdən sonra həlledici görüşə bu qədər yaxınlaşmışdınız...

- Yenə qeyd etmək istəyirəm ki, bunun heç bir bəhanəsi yoxdur. Komanda üzvləri bu oyunda dişləri ilə də olsa, nəticə əldə etməli idilər. Kimsə bəhanə getirirsə, mən buna haqq qazandırmıram. Elə bir gün idi ki, öz ağrılarına, yorğunluğuna sinə gərməliydin. Bu oyunda nəticə qazanmalı idik. Amma matçın gedişatında hər bir mübarizəni uduzduqca və bununla razılaşdıqca, finalda sırf azərbaycanlılardan ibarət komanda yox, "Keşlə" oynayacaq. Bu da onların haqqıdır.

- Fərhad Vəliyevin ehtimad limiti dolub, yoxsa çempionat oyunlarında ona şans verəcəksiniz?

- Növbəti qarşılaşmalarda da çıxış edəcək. Sadəcə, bundan əvvəlki görüşdə "Keşlə"ni məğlub etmişdik. Həmin oyunda da qapıda Mehdi Cənnətov dayanmışdı. Düşündük ki, onun boyu uzundur və yaxşı çıxışları var. "Keşlə" uzun ötürmələrə önəm verən komandadır. Ötən oyuna görə Mehdini seçdik. Oyunda qapıçının hər hansı bir günahı yox idi. Yənə demək istəyirəm ki, 11 nəfərə qarşı 3 futbolçu oynayırdı.

- Mehdi Cənnətovun oyuna başlaması yaxşı səviyyədə deyil. Topu oyuna daxil edərkən gecikirdi. Bunu nəzərə almışdınız?

- Bir-birindən fərqləri ondadır ki, Fərhad ayaqla daha yaxşı oynayır. Keçən oyun qalib gəldiyimizdən, qapıçını dəyişmək fikrimiz yox idi. Bu gün ayaqla oynayan qolkiperə ehtiyac duymadıq. Rəqib pressinq tətbiq edirdi. Fikirləşirdik ki, Cavid İmamverdiyev topu yaxşı saxlayır və Mehdi irəli xətdə topu ona çatdırmalıdır. Birinci hissədə Cənnətova külək mane oldu. Burada qapıçılıq bir şey yoxdur. Futbolçular "Bu gün alınmadı, yorğun idik" kimi bəhanələr gətirirsə, deməli böyük oyunlar üçün deyillər.

- Düşünmürsünüzmü ki, kubokdan kənarda qalmaq komandaya psixoloji təzyiq göstərə və bu, çempionatda da özünü büruzə verə bilər?

- İndi elə vəziyyətdəyik ki, qərarı futbolçular verməlidirlər. Amma bunu sırf onların üstünə atmaq fikrim yoxdur. Mən də komandanın baş məşqçisiyəm. Bundan sonra oynadığımız 5 oyun və turnir cədvəlində qərarlaşdığımız yer futbolçunun həyatını dəyişə bilər. Ən azından bu vaxta kimi "Sumqayıt"dan yazırdılarsa, yenə bu komandadan danışacaqlar. Bu durumdan çıxmalıyıq. Ola bilər ki, psixoloji təsir etsin. Bundan əlavə bizə təsir etməyə çalışırdılar. Futbolçularımızın hərəsini bir yerə calayırdılar. Kubok qazanılmadığı halda, bu hal kimlərdəsə arxayınçılıq yaratdısa, futbolçular günahkardırlar. Oyundan öncə onlara dedim ki, biriniz mənə gələn il də finalda oynayacağınıza dair təminat verə bilsəniz, özümüz də ajiotaj yaratmarıq. Birinci oyunu analiz etmişdik ki, niyə rəqibə uduzduq? Statistikalar baxanda fərq böyük idi. Təəssüflər olsun ki, bu gün də davamı gəldi.

- "Keşlə" kuboku qazana bilərmi?

- Düşünürəm ki, "Qəbələ" ilə mübarizə apara bilərlər.  

Son xəbərlər

Orphus sistemi