"Şamaxı"nın keçmiş futbolçusu: "Klubun mənə milyon dollar borcu var idi"

"Şamaxı"nın keçmiş futbolçusu: "Klubun mənə milyon dollar borcu var idi" "Müqaviləmi vaxtından əvvəl pozduğu üçün Bakı "İnter"inin mənə bir milyon dollar borcu var idi".
Futbol
3 İyun , 2022 15:20
Şamaxının keçmiş futbolçusu: Klubun mənə milyon dollar borcu var idi

"Müqaviləmi vaxtından əvvəl pozduğu üçün Bakı "İnter"inin mənə bir milyon dollar borcu var idi".

"Report"un məlumatına görə, bunu hazırkı "Şamaxı" klubunun sabiq futbolçusu Mixail Makovski "football.by" nəşrinə müsahibəsində deyib. Keçmiş yarımmüdafiəçi borcunun cəmi 50 min dollarını məhkəmə yolu ilə ala bildiyini əlavə edib: "Borc kompensasiyadan yaranmışdı. Belə təzminatları adətən vaxtından tez qovduqları üçün məşqçilərə ödəyirlər".

M.Makovski "İnter"də ayına 23 min dollar maaş aldığını da açıqlayıb: "Anatoli Konkov məni qardaşım Vladimir Makovski ilə birlikdə əvvəlcə Ukrayna "Vorskla"sına, daha sonra Azərbaycana apardı. "İnter"də mənə və qardaşıma müqavilə bağlamaq haqqı kimi 5 min dollar verdilər. Konkov deyirdi ki, ikiniz meydanda olduğunuz vaxt atom qarışığı kimi olursunuz. Ən böyük əmək haqqımı "İnter"də alırdım - 23 min dollar. Dörd günlük istirahət verilən kimi ailəmin yanına uçurdum. Klub bizə 8 pulsuz uçuş ayırmışdı. Udduğumuz oyunun ardından Ukrayna istirahətimizi başa vuraraq Bakıya qayıtdıqda bazada çarpayımızın üstündə zərfin içində 500 dollar görürdük. Ən maraqlısı o idi ki, həmin vaxt içmirdik. Çünki 50 dərəcə isti olurdu. Otaqda kondisioner olmasa, bişərdin. İlk məşqimiz səhər saat 6-da, ikincisi saat 20:00-dan sonra olurdu".

Veteran futbolçu "İnter"dəki maaşının cəmi min dollarını xırda xərcləri üçün özünə saxladığını, qalan 22 min dollarını isə Ukraynadakı həyat yoldaşına göndərdiyini diqqətə çatdırıb. O, ümumilikdə 2 il ərzində yarım milyon dollar qazandığını dilə gətirib. M.Makovski qazancının sonrakı aqibətindən də danışıb: "Həyat yoldaşım biznesə girdi və "yandırdı". İcarəyə vermək üçün iki ekskavator aldı. Amma xeyri olmadı və onlar Ujqorodda qaldı. Bəlkə elə indi də oradadırlar. Üstəlik, xanımımla birlikdə 350 min dollara Kiyevdə hələ tikilməyən mənzil aldıq. Sonradan 450 min dollara satmaq imkanımız var idi. Amma həyat yoldaşım gözləməyimizi istədi. Bu vaxt dolların kursu kəskin dəyişdi, 4 dəfə artdı. Nəticədə evi cəmi 80 min dollara satdıq. Nə qədər itirdiyimizi özünüz hesablayın".

Qeyd edək ki, Mixail və Vladimir Makovski qardaşları 2004 - 2006-cı illərdə "İnter"də çıxış edib. V.Makovski 2018-ci ildə Belarusun "İsloç" komandasında məşqçi vəzifəsində çalışdığı vaxt danışılmış oyunlarda iştirak etdiyi üçün futboldan ömürlük uzaqlandırılıb. M.Makovski isə 2018-ci il fevralın 16-da "Molodeçno" klubuna baş məşqçi təyin olunsa da, azarkeşlər və mətbuatla görüşə içkili gəldiyi üçün 3 gün sonra vəzifəsindən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi