Bakı. 21 iyul. REPORT.AZ/ Almaniyanın “Şalke” klubunun rəhbərliyi nizam-intizamı pozan futbolçuları istirahət günləri işə cəlb etməklə cəzalandıracaq. “Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, qaydalara riayət etməyənlər kluba məxsus mağazalarda satıcı işləyəcəklər.
"Şalke" rəsmilərinin fikrincə, bu, yüksək məvacib alan futbolçulara qarşı pul cəzasından daha effektli tədbir olacaq. Həmçinin, avqustun 1-də Avstriya toplanışı zamanı oyunçulara təqdim olunacaq cəza siyahısında əlavə bəndlər də yer alacaq.
Qeyd edək ki, “Şalke” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Azərbaycan təmsilçisi “Neftçi” ilə yoxlama oyunu keçirəcək. Matç iyulun 26-na təyin olunub.