Şahin Diniyev: "Oğlum Coşqunu çox istəyirəm, amma ədalət də var axı" - MÜSAHİBƏ

Şahin Diniyev: "Oğlum Coşqunu çox istəyirəm, amma ədalət də var axı" - MÜSAHİBƏ "Bu hadisəyə görə ona narazılığımı bildirdim"
Futbol
829
3 Aprel , 2018 20:02
Şahin Diniyev: Oğlum Coşqunu çox istəyirəm, amma ədalət də var axı - MÜSAHİBƏ
Report.az

Bakı. 3 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının və "Kəpəz" klubunun sabiq baş məşqçisi Şahin Diniyevin "Report"a müsahibəsi

- "Kəpəz" klubundan ayrılandan sonra 5 aya yaxındır ki, işsizsiniz. Dincələ bilirsiniz?

- Futbol adamının işi ancaq futbol olmalıdır. Öz işlərimlə məşğul oluram. Ailəmlə birlikdəyəm. Bunlar futboldan kənar işlərdir. Mənim biznes quran və başqa sahəyə keçən vaxtım deyil. Təkcə iş olmamalıdır. İnsan həm də bir az dincəlməli, istirahət etməlidir. Həmçinin sağlamlığına fikir verməlidir. Ailəm, dostlarım və qohumlalarımla vaxt keçirirəm.

- Klublardan sizə təklif olubmu?

- Məni tanıyanlar bilir ki, heç vaxt reklam xatirinə danışmıram. Hər hansı təklif olanda deyirəm ki, dəvət var. Kiminsə adını çəkmək həm özünü reklam etməkdir, həm də başqasını. Hazırda elə vaxtdır ki, məşqçi, futbolçu seçmək çox çətindir. Çempionatın başa çatmasına 1-2 ay qalıb. Ağıllı adam da oturub fikirləşəndə qərara alır ki, 1-2 aydan ötrü heç kim işləmək istəməz. Zamanını gözləmək lazımdır. Mövsüm başa çatandan sonra təkliflər gələrsə, düşünməyə dəyər. Düzü, işləmək istəməmişəm, dincəlməyə üstünlük vermişəm. Özümə və sağlamlığıma fikir verməliyəm. Bu zamanda ancaq onu düşündüm.

- Çempionatın gedişini necə dəyərləndirərsiniz?

- Hazırda hər şey nisbidir. Ötən mövsüm "Qəbələ" "Qarabağ"la sona kimi mübarizə apardı. Bu il isə "Qarabağ" çətinlik çəkmədən çempionluğa yaxınlaşıb. Komandanın sərgilədiyi oyun bunu deməyə əsas verir. Qış fasiləsindən sonra aşağı pillələr uğrunda mübarizə gərginləşib. "Keşlə", "Səbail" və "Kəpəz" sonuncu yeri tutmamağa çalışacaqlar. Qarşıda hələ 7 tur var. Bəzi klublar isə Avropa Liqasına vəsiqə qazanmaq üçün çalışırlar. Burda isə tamamilə qarışıq vəziyyət yaranıb. Autsayderlər qrupunda aydınlıq varsa, 3-4-cü yer və kubok uğrunda mübarizə çox qarışıb. Hər bir klubun şansı var. "Keşlə"nin avrokubok şansları davam edir. O komanda üçün bir az çətin olacaq. "Qarabağ" və "Qəbələ" avrokubokları təmin edib. Növbəti iki komanda hələ də qalıb. Bu yerlər uğrunda "Keşlə", "Sumqayıt", "Zirə" və "Neftçi" amansız mübarizə aparacaqlar. 2 yer uğrunda 4 komanda yarışacaq.

- Bu komandaların içində hansını daha şanslı görürsünüz?

- 2 ay bundan öncə qış fasiləsinə yollananda "Zirə" bu komandaların hamısından öndə idi. Ancaq aydın oldu ki, futbol proqnozu sevmir. III dövrə başa çatandan sonra isə hər şey dəyişdi. "Zirə" çoxlu xallar itirdi. "Sumqayıt" bu komandanı keçib, "Neftçi" isə çatmağa çalışır. Avrokuboklara vəsiqə komandaların fiziki durumundan asılı olacaq. 3 xallıq sistemdə hər an kimsə yerini itirib aşağı pilləyə enə bilər. Bu komandaların bir-biriləri ilə də oyunları var. Hər 3 klubun bərabər səviyyədə şansı var. "Sumqayıt" və "Neftçi"nin əslində iki şansı var. "Zirə"nin isə bir. Çünki hər iki klub həm çempionatda, həm də kubokda şanslarını davam etdirir. "Zirə"nin isə yalnız çempionatda şansı qalıb. "Keşlə"nin də kubokdan başqa şansı yoxdur. Elə komanda ola bilər ki, uçuruma düşsün. Məsələn, "Zirə" III dövrədə uçuruma düşdü. IV dövrədə isə hər hansı komanda uçuruma düşsə, çıxa bilməyəcək. Buna görə də şanslar barədə danışmaq çətindir. Şanslar eynidir. "Keşlə"nin bu komandalara nisbətən şansı azdır. Kubokda "Qəbələ", "Neftçi" və "Sumqayıt" kimi güclü komandalar yer alıb. Komandaların öz aralarında keçirdikləri oyun onların taleyini həll edəcək. Həmin matçlar 3 yox, 6 xallıq oyunlar olacaq.

- AFFA Məşqçilər Komitəsindən sizə üzvlüklə bağlı təklif olub?

- Xeyr. O barədə müraciət etməyiblər.

- Bu komitənin işin necə dəyərləndirirsiniz?

- Normaldır. Onlar daxildə hansısa işlər görürlər. Onlarınkı görünməyən işlərdir. Bir sıra təkliflər irəli sürür, Federasiyanın daxili problemləri ilə maraqlanırlar. Region Liqası və I Divizionla bağlı onların məsləhətlərinə ehtiyac var. Böyükağa Hacıyevə Allah rəhmət eləsin. İndi orada 3 şəxs qalıb. Hamısının futbolda izi, təcrübələri var. Onların da fikirləri dəyərləndirilməlidir.

- Son olaraq, Coşqun Diniyevin "Keşlə" ilə matçda qırmızı vərəqə alması ilə bağlı nə deyə bilərsiniz?

- Əslində bunun mənə aidiyyəti yoxdur. Onun öz komandası və məşqçisi var. Mənim bu barədə çox danışmağım yaxşı olmaz. Coşqun mütləq özünü saxlamalı idi. Futbolçu özünü idarə etməyi bacarmalıdır. Sadəcə, əsəblərini cilovlaya bilmədi. Mən onun bu hərəkətini dəstəkləmirəm.

- Baş məşqçi Qurban Qurbanov da hakimin qərarı ilə razılaşdı. Baş məşqçi dedi ki, Coşquna düz edib qırmızı vərəqə göstərdilər. Siz necə düşünürsünüz?

- Hər iki futbolçu arasında aqressivlik var idi. Hakimin qərarını düzgün hesab edirəm. Biz düşünürük ki, hər ikisinə də sarı vərəqə vermək olardı. Hakimlərin öz qərarları var. Onlar nələrəsə əsaslanaraq bu qərarı verdilər. Orada zərbə yox, sadəcə, bir-birini itələmə oldu. Oyunun gərgin keçməsini və hesabı nəzərə alaraq sarı vərəqə də vermək olardı. Amma o qərara da hörmətlə yanaşmaq lazımdır. Baş hakim hansısa qərarı veribsə, deməli, nəyəsə əsaslanıb. Coşğun mənim oğlumdur, onu çox istəyirəm. Amma ədalət də var axı. Qırmızı vərəqəni birinə versəydilər, ədalətsizlik olardı.

- Oyundan sonra Coşqunla danışdınız?

- Öz aramızda söhbətimiz oldu. Mən bu hadisəyə görə narazılığımı bildirdim. Razı ola bilməzdim. O, artıq böyük insandır. Ailə başçısıdır. Yəqin ki, özü də elədiyi səhvi başa düşüb.

Son xəbərlər

Orphus sistemi