Şahin Diniyev: "Kəpəz"in qələbəsi 50 illik yubileyimə ən yaxşı hədiyyə olacaq"

Şahin Diniyev: "Kəpəz"in qələbəsi 50 illik yubileyimə ən yaxşı hədiyyə olacaq" "Futbolçular topla yaxşı rəftar və hərəkət edirdilər"
Futbol
7 İyul , 2016 22:18
Şahin Diniyev: Kəpəzin qələbəsi 50 illik yubileyimə ən yaxşı hədiyyə olacaq

Bakı. 7 iyul. REPORT.AZ/ "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasında Moldova "Daçiya"sına səfərdə 1:0 hesabı ilə qalib gəldikləri cavab görüşündən sonra mətbuat konfransı keçirib. "Report"un məlumatına görə, 50 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb: "Yaxşı oyun keçdi. Taktiki cəhətdən intizamlı çıxış etdik. Rəqib bizi təzyiq altında saxladı. Mərhələni kim keçsəydi, o buna layiq idi. Futbolçularıma təşəkkür edirəm. Uzun yol, isti hava oyunumuza çox təsir etdi. Tezliklə 50 yaşım olacaq. Fikrimcə, bu, yubileyimə ən yaxşı hədiyyə olacaq".

Növbəti mərhələdə rəqib Avstriyanın "Admira Vakker" komandası ilə bağlı Şahin Diniyev bunları deyib: “İştah diş altındadır. Məncə, bu gün "Kəpəz" tarix yazdı. Bunun davamını gətirməyə çalışacağıq. Gücümüz "Admira"dan azdır. Bunu etiraf edirik. Amma şanslarımızdan maksimum yararlanmalıyıq”. Həmçinin Diniyev qeyd edib ki, "Daçiya" da mərhələyə keçməyə layiq idi: “Futbolçular topla yaxşı rəftar və hərəkət edirdilər. İlk oyundan sonra "Daçiya"nın taktikasını öyrənmişdik. Müdafiədə və mərkəzdə kompakt oynamaqla, əks-hücumlara bel bağladıq ki, bunun da sayəsində qələbə qazandıq. "Daçiya" yaxşı komandadır. Onlara uğurlar arzulayıram. Adlan Şişxanova da təşəkkür edirəm. O, əsl kişilik göstərdi”.

Moldova "Daçiya"sının məşqçisi Vyaçevlav Semyonov da oyunu şərh edib: "Əlbəttə, qalib gəlmək istəyirdik. İlk yarıda qol vəziyyətlərimiz var idi. Amma qol buraxdıq. Bu, komandamıza ciddi ziyan vurdu. Nəticədə "Kəpəz" mərhələyə keçdi".

Onun fikrincə, "Kəpəz" öz qapısının təhlükəsizliyini qorumağın qayğısına qalıb. "Daçiya" isə daha çox hücum edib. Semyonov təkcə qapıçını günahlandırmağın düzgün olmadığını bildirib: "Hamı səhv edir. Bu gün də hamımız səhv etdik". Semyonov onu da bildirib ki, bu məğlubiyyət faciədən də betərdir.

Son xəbərlər

Orphus sistemi