"Sabah" klubu çempionatın dayandırılmasına qarşıdır

"Sabah" klubu çempionatın dayandırılmasına qarşıdır Sabah klubu koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan və iyunun 21-də bərpası planlaşdırılan Azərbaycan Premyer Liqasının vaxtından əvvəl başa çatdırılmasını istəmir.
Futbol
205
11 İyun , 2020 20:42
Sabah klubu çempionatın dayandırılmasına qarşıdır

"Sabah" klubu koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan və iyunun 21-də bərpası planlaşdırılan Azərbaycan Premyer Liqasının vaxtından əvvəl başa çatdırılmasını istəmir.

Komandanın baş məşqçisi Jelko Sopiç, futbolçular Ruslan AbışovCavid İmamverdiyev "Report"a açıqlamalarında çempionatın davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Xorvatiyalı mütəxəssis deyib ki, qalan turları oynamaq daha yaxşı olar: "Amma görək, ölkədə vəziyyət necə olacaq. Qarşıdakı 3-4 həftədə nələrin baş verəcəyini deyə bilmərik. Ümid edirəm ki, Azərbaycanda getdikcə koronavirusa yoluxma halları azalacaq və biz cari çempionatı normal qaydada başa vurub yeni mövsümə başlayacağıq".

"Sabah"ın kapitanı Ruslan Abışov istənilən qərara hörmətlə yanaşacaqlarını söyləyib: "Çempionatın davam edib-etməməsi bizim istəyimizdən asılı olan məsələ deyil. Bu məsələyə cavabdeh olan qurumlar var. Nə qərar verilsə, hamı kimi biz də qəbul etməliyik. Amma şəxsən mən özüm çempionatın davam etdirilməsini istəyərdim".

Ruslan Abışov
Ruslan Abışov

Komandanın yarımmüdafiəçisi Cavid İmamverdiyev isə deyib ki, tək o deyil, bir çoxları oyunların keçirilməsini istəyir: "Uzun müddət futbolsuz qaldıq. Məşqlərə başlamaq bizə çox yaxşı təsir etdi. Lakin çempionatın davam etdirilib-etdirilməməsi bizim istəyimizdən asılı deyil. Bu gün bütün dünyada futboldan da vacib məsələlər var ki, bu da insan sağlamlığıdır. Çempionatın davam etdirilməsini istərdim. Lakin aidiyyatı orqanlar Premyer Liqanın dayandırılmasına qərarı versə, bununla razılaşmaqdan başqa yolumuz yoxdur".

Cavid İmamverdiyev
Cavid İmamverdiyev

Azərbaycanda iyunun 1-dən açıq havada idman yarışlarının keçirilməsinə icazə verilib.

Qeyd edək ki, "Sabah" 20 turdan sonra 21 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Ölkə kubokunda mübarizəni dayandıran Masazır təmsilçisi avrokuboklara vəsiqə qazanmaq üçün bütün ümidini Premyer Liqaya bağlayıb.

Son xəbərlər

Orphus sistemi