"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı Sabah klubunun futbolçusu Məhəmməd Mirzəbəyovun koronavirusa yoluxmuş ailə üzvləri tam sağalıblar.
Futbol
5 İyun , 2020 14:36
Sabahın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

"Sabah" klubunun futbolçusu Məhəmməd Mirzəbəyovun koronavirusa yoluxmuş ailə üzvləri tam sağalıblar.

Bu barədə "Report"a hazırda Bakıda olan Azərbaycan millisinin sabiq müdafiəçisinin özü məlumat verib. 30 yaşlı oyunçunun sözlərinə görə, Rusiyada Dağıstan Respublikasının İzberbaş şəhərində yaşayan valideynləri, iki qardaşı və onların həyat yoldaşları artıq özlərini yaxşı hiss edirlər.

Doğmalarının koronavirus testindən keçmədiklərini bildirən Mirzəbəyov Dağıstanda hər kəsdən analiz götürməyin mümkün olmadığını söyləyib: "İnsanlar xəstələnirlər. Hər kəsi testdən keçirmək mümkün deyil. Amma bu, faktdır ki, onlar artıq sağalıblar. Ailə üzvlərimizin koronavirusa yoluxduğuna əminəm. Gəlin, məntiqlə fikirləşək: Harada görmüsünüz ki, adi qripdən eyni vaxtda bir ailənin 6 üzvü xəstələnsin? 30 yaşım var. İndiyədək ailəmdə eyni vaxtda 2 nəfərin xəstələndiyini görməmişəm. Hətta mənim qardaşımın uşaqları da virusa yoluxmuşdular".

Təcrübəli futbolçu hər gün Dağıstanda minlərlə insanın virusa yoluxduğunu qeyd edib: "Bu, süni yolla yaradılıb və ya təbii yolla üzə çıxıb, heç bir mənası yoxdur. Fakt budur ki, infeksiya var. Sadəcə, bu xəstəliyi hərə bir cür keçirir. Hər şey insanın immunitetindən asılıdır".

Mirzəbəyov ölkəsində koronavirusun bu qədər sürətlə yayılmasının səbəbini də açıqlayıb: "Dağıstanda heç kim virusa inanmırdı. Hamı gözünü yumub, bayıra çıxırdı. Deyilirdi ki, yas mərasimlərinə getməyin. Amma heç kim qulaq asmırdı. Bir nəfər 10 nəfəri, onlar 100 nəfəri, həmin şəxslər isə minlərlə insanı yoluxdurdular. Əhali bu halla üzləşənə kimi virusun olmadığını düşünürdü. İndi isə əksini iddia edirlər". 

Futbolçu Dağıstanda kifayət qədər sağlam insanların belə, virusdan dünyasını dəyişdiyini vurğulayıb: "Bunu mənə yaxın dostlarım deyib. Elə yaşlı insanlar var ki, xəstəlikdən sağalıblar. Düzdür, hər kəs Allahın yazdığı ömrü yaşayır. Sadəcə, məsələyə ciddi yanaşmaq lazımdır".

Qeyd edək ki, "Sabah"a 2019-cu ilin iyununda keçən Məhəmməd Mirzəbəyov əvvəllər Rusiyada "Torpedo" (Moskva), "Torpedo-ZİL" və "Anji"nin, Azərbaycanda "Sumqayıt", "İnter", "Qəbələ" və "Neftçi"nin formasını geyinib. O, milli komandaya 2015 - 2018-ci illərdə dəvət alıb.

Son xəbərlər

Orphus sistemi