Rüstəm Rəhimov: "Baş hakim Stamenkoviçi qovsaydı, dava düşəcəkdi"

Rüstəm Rəhimov: "Baş hakim Stamenkoviçi qovsaydı, dava düşəcəkdi" "Bunun danışılmış oyun olduğunu düşünmürəm"
Futbol
128
26 Aprel , 2021 17:09
Rüstəm Rəhimov: Baş hakim Stamenkoviçi qovsaydı, dava düşəcəkdi

Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilmiş "Sabah" - "Neftçi" oyunundan sonra nəticədən daha çox baş hakim Vüqar Həsənlinin qərarları müzakirəyə səbəb olub.

"Report"un məlumatına görə, referi 2:2 hesablı bərabərliklə bitən matçda meydan sahiblərinin 3 futbolçusuna ikinci sarı vərəqəni göstərərək meydandan qovub və qonaq komandanın qolunu oyundankənar vəziyyəti əsas gətirərək qeydə almayıb.

Həsənlinin "Sabah"ın qapısına təyin etdiyi birinci penalti də mübahisəli məqamlardan biridir. Qarşılaşmadakı gərginlik final fitindən sonra da davam edib. "Neftçi" tərəfi vaxtı uzatdıqları üçün rəqibə kəskin etirazını bildirib.

AFFA isə bu gün oyunun hakimləri ilə bağlı araşdırma aparılacağını rəsmən açıqlayıb.

Rüstəm Rəhimov: "Sürət artan kimi hakimliyin səviyyəsi üzə çıxır"

Ümumittifaq dərəcəli keçmiş referi Rüstəm Rəhimov "Report"a açıqlamasında görüşdə hakim idarəçiliyinin həqiqətən də zəif olduğunu bildirib: "İngiltərə Liqa Kubokunun finalına baxdığım üçün "Sabah" - "Neftçi" görüşünü canlı izləyə bilmədim. Daha sonra icmalına və mübahisəli epizodlara baxdım. Matçda kobud səvlər var idi. Keysuke Hondanın qolu sayılmalı idi. Baş hakim meydanda mövqe səhvləri də edirdi. Premyer Liqamızda sürət artan kimi hakimliyin səviyyəsi üzə çıxır".

AFFA Veteranlar ittifaqının sədr müavini hakimlər briqadasının sərt cəza ilə üzləşə biləcəyini istisna etməyib: "AFFA hakimlərlə bağlı araşdırmanın olacağını bildirib. Burada hakim-inspektorun da qiyməti rol oynayacaq. Vüqar Həsənlinin bu oyuna görə qiyməti yaxşı olmamalıdır. Qaydalara əsasən, hakimlərə verilən qiyməti də açıqlamırlar. Komissiya araşdırma aparılanda səhvlərə də göz yummayacaqlar. Yaxşı ki, oyunu güclə də olsa, başa çatdırdılar. Oyundan sonra mübahisə də diqqətimdən yayınmadı. Bu isə onu göstərir ki, baş hakimin idarəçiliyində çoxlu problem var".

Rəhimov oyunun nəticəsinin ləğv edilmə ehtimalının olmadığını diqqətə çatdırıb: "İnanmıram ki, AFFA İntizam Komitəsi belə qərar versin. Belə şey ola bilməz. Komissiya hakimlərin səhvlərini sübut edəcəksə, baş hakimi cəzalandıracaqlar. Nəticənin ləğvinə isə inanmıram. Baş hakim oyunu sonadək idarə edib, lakin nəticəyə təsir edən səhvlərə görə baş hakimi cəzalandıracaqlar. Cəza ağır da ola bilər. Görüşdə qırğın düşmüşdü, hər iki komanda mübarizə aparırdı. Sadəcə, baş hakimin hörməti, avtoriteti, təcrübəsi çatmadı. Bu səbəbdən, görüşü aşağı səviyyədə idarə etdi. İnanmıram ki, danışılmış matç olsun".

Keçmiş referi "Neftçi"nin baş məşqçisi Samir Abasovun oyundan sonra mətbuat konfransında rəqib qapıçı Saşa Stamenkoviç haqqında işlətdiyi fikirlərə də toxunub: "Sabah" komandası oyunun sonlarında 8 nəfərlə qalıb. Stamenkoviç isə təcrübəli qolkiperdir. Hər oyunçu öz xeyrinə hərəkət edir. "Neftçi" 8 nəfərlə qalsaydı və hesabda öndə olsaydılar, onlar da vaxtı uzadacaqdılar. Dünənki qarşılaşmada da heç-heçə var idi və meydanda 8 nəfərlə mübarizə aparırdılar. Stamenkoviç də vaxtı uzadırdı. Baş hakim ona birinci sarı vərəqəni göstərdi, amma onu meydandan qovsaydı, "Sabah" 7 nəfərlə qalacaqdı. Onda isə ümumiyyətlə, dava düşəcək və görüş başa çatmayacaqdı. Elə epizodlar olur ki, qaydalara 100 faiz riayət etmirsən. Baş hakim 3 nəfəri qovub və matçın sonlarıdır. "Sabah" təbii ki, görüşü uzatmalıydı, nəticə onları qane edirdi. Hər şeyi qanunla etsəydik, meydanda adam qalmazdı. Gərək onda hamısını qovardı".

Rəhimov referinin yalnız bir komandanın lehinə qərarlar verdiyinə dair fikirlərlə razılaşmayıb: "Abasov bu fikirləri oyundan sonra emosional vəziyyətdə deyib. "Neftçi" 0:2 hesabı ilə geri düşdükdən sonra bərabərliyə nail olub. Namiq Ələsgərovun birinci penalti epizodu cərimə meydançasının kənarında idi. Orada baş hakim kimin xeyrinə səhv edib? Əlbəttə "Neftçi"nin. Referi 3 qırmızı vərəqə göstərib, "Neftçi"yə penalti verib. Bundan artıq nə etməli idi? Həsənli diplomatik gediş edərək, Stamenkoviçə "qırmızı" göstərməyib. Yoxsa, meydanda dava düşərdi".

Aslan Kərimov: "Real Madrid" də kimisə udanda vaxtı gecikdirir"

AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov isə oyunun yetərincə gərgin alındığını söyləyib: "Neftçi" çempionluğa oynadığı üçün qələbə istəyirdi. "Sabah" isə son pillələrdən qurtulmaq istəyilə rəqibini yaxşı analiz etmişdi. Bu komanda ilk yarıda 2 qol vurduqdan sonra hakim səhvləri matça damğasını vurdu. Penaltilər və qırmızı vərəqələr mübahisə doğurur. Baş hakimin verdiyi qırmızı vərəqələr haqqında çox danışmaq istəmirəm. Ümumi rəy versəm, qərarların bəziləri ilə razı idim. Penalti və qırmızı vərəqələr mübahisəlidir".

Kərimov AFFA-nın hakimlər haqqında araşdırmaya başlamasına da münasibət bildirib: "Oyun bitibsə, hesab dəyişməyəcək. Araşdırmadan sonra hakimin gələcəyi ilə bağlı qərar olacaq. Səhvlər edibsə, cəzalanacaq. Sözün əsl mənasında bu, araşdırma aparılası oyun idi. Çünki 3-4 epizod var ki, açıq müzakirə mövzusudur. Bu məsələləri araşdırmalı və dəqiqləşdirməlidirlər. "Neftçi"nin vurduğu birinci penalti mübahisəli idi. Keysuke Hondanın qolu ofsayda görə qeydə alınmadı. Bu da mübahisə mövzusudur. Məncə, Təmkin Xəlilzadəyə göstərilən üçüncü qırmızı vərəqə də verilməyə bilərdi. Bu cür qərarlar oyunun gedişinə təsir edir. Əslində ikinci "sarı"nı verməmək də olardı. Oyunun gərginliyini, ruhunu öldürməməkdən ötrü vərəqəni göstərməmək olardı. Bu baxımdan, müxtəlif fikirlər var".

Azərbaycan yığmasının sabiq futbolçusu belə hallarda nəticənin heç vaxt ləğv edilmədiyini söyləyib: "Futbol tarixində bu cür oyunların nəticəsi dəyişmir. VAR sistemi olsaydı, oyun ərzində nələrisə dəyişmək mümkün idi. Amma bizdə bu sistem yoxdur".

Kərimov Həsənlinin qərəzli olmasına inanmadığını vurğulayıb: "Çünki burada hər iki tərəfə səhvlər var. Baş hakim birtərəfli qərarlar versəydi, bu barədə danışa bilərdik. Amma təcrübəsinin az olması belə səhvlərə gətirib çıxardı. Bu cür gərgin oyunları daha təcrübəli referilər idarə edirlər. Oyunun ruhunu tutmaq çatmadı".

Direktor oyundan sonra baş verən insident və Samir Abasovun mətbuat konfrasında işlətdiyi fikirlər haqqında da danışıb: "Bir tərəfdən, Abasovu başa düşürəm. Çempionluq mabarizəsində iki xal itirdilər. Belə oyunda bərabərlik istər-istəməz baş məşqçini özündən çıxarır. Məncə, oyundan sonra həddindən artıq emosional idilər. Hissləri mümkün qədər boğmaq lazımdır. İnsidentin nədən baş verdiyini bilmirəm. Amma təxmin edirəm ki, "Sabah"ın oyunçuları sona yaxın vaxt uzadırdı. Abasov isə məhz buna etiraz edirdi. Belə stresli oyunlarda bunlar baş verə bilir".

Kərimov bütün dünyadakı komandaların oyunun sonlarına yaxın vaxt qazanmaq istədiklərini sözlərinə əlavə edib: "Nəticə kimə sərf edirsə, həmin tərəf vaxt qazanmaq istəyir. Meydanda baş hakim var, qırmızı vərəqəni verər və meydandan qovar. Oyunçuya irad bildirmək düzgün deyil. "Neftçi" "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edəndə meydanda 8 nəfərlə qalmışdı. Həmin matçda da Aqil Məmmədov vaxtı gecikdirirdi. Saşa Stamenkoviç kimi etməsələr də, onlar da vaxt udmağa çalışırdılar. Bu, futboldur. "Barselona" ilə görüşlərdə hamı vaxt qazanmaq istəyir. "Real Madrid" belə kimisə udanda vaxtı gecikdirir. Bu, futbolun əsasında olan normal şeylərdir. Digər komanda özündən çıxırsa, bu, başqa məsələ. Amma futbolçuya irad bildirməli deyil. Əminəm ki, "Neftçi" Çempionlar Liqasında oynasa və kiməsə 1:0 hesabı ilə qalib gəlsə, son dəqiqələrdə vaxtı uzadacaq. Tez oyuna başlamayacaq".

Son xəbərlər

Orphus sistemi