​Ruslan Qurbanov: "Azərbaycanı layiqincə təmsil etmək istəyirəm" - MÜSAHİBƏ

​Ruslan Qurbanov: "Azərbaycanı layiqincə təmsil etmək istəyirəm" - MÜSAHİBƏ "Məqsədimiz Avrokuboklara vəsiqəni təmin etməkdir"
Futbol
3 Mart , 2015 18:32
​Ruslan Qurbanov: Azərbaycanı layiqincə təmsil etmək istəyirəm - MÜSAHİBƏ

Bakı. 3 mart. REPORT.AZ/ Bakının "Neftçi" klubunun futbolçusu, icarə əsasında Xorvatiyanın "Hayduk Split" komandasında çıxış edən Ruslan Qurbanov Bakı təmsilçisinin rəsmi saytına fikirlərini bildirib. "Report" həmin müsahibəni təqdim edir.

- Ruslan, "Neftçi" azarkeşləri, futbolsevərlərimiz daim səninlə maraqlanır. Xorvatiyada, yeni komandanda özünü necə hiss edirsən?

- Əvvəlcə "Neftçi" azarkeşlərini buradan salamlayıram. Çox sağ olsunlar ki, xatırlayırlar, unutmurlar. Burada yeni olsam da, demək olar mühitə öyrəşmişəm. Komandamızda əla abı-hava var. Artıq bir çox futbolçularla dostlaşmışam. Xüsusən də Artyom Milevski ilə əla münasibətimiz var.

- Yəqin ki, ilk oyuna çıxacağın günü səbrsizliklə gözləyirsən...

- Bura ehtiyatda oturmağa gəlməmişəm. İstəyirəm ki, özümü sübut edim. "Neftçi" rəhbərliyi keçidim üçün hər cür köməklik göstərdi. İndi qalır bu etimadı doğrultmaq. Sabah Xorvatiya Kuboku uğrunda oyunumuz var. 1/4 final mərhələsində cavab matçına çıxacağıq. Rəqibimiz "Vinoqradar" klubudur. Bu qarşılaşmada özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam. Məqsədim komandanın heyətində möhkəmlənməkdir.

- "Hayduk Split" klubunda neçə nömrəli futbolka ilə oynayacaqsan?

- Əslində mən "Neftçi"də olduğu kimi, 23 nömrəli futbolkanı istəyirdim. Amma mənə dedilər ki, istəsəm 7 nömrəli futbolkanı da götürə bilərəm. Hələ uşaq vaxtından bu nömrəli futbolka çox xoşuma gəlirdi. Ona görə də 7-ni seçdim.

- Komandanın hədəfləri barədə danışardın...

- Çempionatda hazırda 4-cü yerdəyik. Məqsədimiz Avrokuboklara vəsiqəni təmin etməkdir. Ölkə kubokunda isə yalnız qələbə və maksimum nəticə üçün mübarizə aparırıq.

- Orada oyunlara azarkeş marağı nə səviyyədədir?

- Burada futbolu çox sevirlər. İnsanların futbola böyük marağı var. Ötən tur komandamızın ev oyununa çoxlu azarkeş gəlmişdi. Belə bir şəraitdə oynamaq futbolçu üçün də çox xoşdur. İstəyirəm ki, mən də öz oyunumla azarkeşlərin sevimlisinə çevrilim.

- İcarə müddəti mövsümün sonunda bitir...

- Düzdü müqaviləm mövsümün sonuna kimidir. Əgər bu müddətdə istədiyim oyunu nümayiş etdirə bilsəm, razılaşmanın müddəti uzanacaq. İstəyirəm ki, Azərbaycanı və "Neftçi"ni burada layiqincə təmsil edim. 

Son xəbərlər

Orphus sistemi