Ruslan Qurbanov: “Azarkeşlər Millətlər Liqasında bizdən nəticə tələb edir”

Ruslan Qurbanov: “Azarkeşlər Millətlər Liqasında bizdən nəticə tələb edir” Bakı. 10 noyabr. REPORT.AZ/ “Bu oyuna ciddi hazırlaşmışdıq. Çünki Millətlər Liqasınının matçları ilə əlaqədar olaraq çempionatda fasilə yaranacaq. Ona görə də öz mövqeyimizi yaxşılaşdırmağı və hamıya əbəs yerə “üçlük”də qərarlaşmadığımızı sübut etmək istəyirdik. Baxmayaraq ki, bizə 5 xalı hədiyyə ediblər”.
Futbol
10 Noyabr , 2018 21:47
Ruslan Qurbanov: “Azarkeşlər Millətlər Liqasında bizdən nəticə tələb edir”

Bakı. 10 noyabr. REPORT.AZ/ “Bu oyuna ciddi hazırlaşmışdıq. Çünki Millətlər Liqasınının matçları ilə əlaqədar olaraq çempionatda fasilə yaranacaq. Ona görə də öz mövqeyimizi yaxşılaşdırmağı və hamıya əbəs yerə “üçlük”də qərarlaşmadığımızı sübut etmək istəyirdik. Baxmayaraq ki, bizə 5 xalı hədiyyə ediblər”.

“Report” xəbər verir ki, bu sözləri “Səbail”in futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının XI turunda “Sabah”ı 4:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib. 

Oyunun 3-cü dəqiqəsində hesabı açan 27 yaşlı hücumçu bildirib ki, matçın nəticəsindən razı qalıblar: “Rəqibi 4 cavabsız qolla üstələyəcəyimizi gözləmirdim. Əsas məsələ bunu bacarmağımızdır. Özümü oyunun qəhrəmanı hesab etmirəm. Komanda yoldaşlarım olmadan heç nə edə bilməzdim. Qarşılaşmadan əvvəl saytlardan biri yazmışdı ki, Aftandil Hacıyev yaxşı baş məşqçi, Ruslan Qurbanov futbolçu deyil. Meydanda bunun əksini göstərdik. Bir də kimsə belə şey yazsa, sağ olsun, mənə böyük motivasiya vermiş olar. Buna görə minnətdaram. Ötən tur “Zirə” ilə qolsuz heç-heçə etdiyimiz dueldən sonra nəticə çıxardıq. Analiz apardıq, baş məşqçimiz lazım olan tapşırıqları verdi və qalib gəldik”.

R.Qurbanov məqsədlərinin medalçılar sırasına düşmək olduğunu vurğulayıb: “Bizim gənc komandamız var. Hesabımıza 5 xalı texniki qələbələr hesabına yazmışıq. Heç kimin belə vəziyyətlə üzləşməsini istəməzdik. “Qarabağ” və “Zirə” bu səhvləri buraxmaq istəməzdi. Sadəcə, bu cür alındı. Bu gün öz oyunumuzla göstərdik ki, medallar uğrunda mübarizə apara bilərik”.

Azərbaycan millisinin üzvü olan futbolçunun sözlərinə görə, yığma son iki turda qalib gəlməklə, yer aldığı D liqasının III qrupunda 1-ci yeri tutmaq iqtidarındadır: “Özümü yaxşı tərəfdən göstərməyim məni sevindirir. Qurban Qurbanovun bu gün matçı izlədiyinə fikir verməmişəm. Məni yığmaya çağırsa, minnətdar olacağam. Millətlər Liqasında Farer adaları ilə ev və Kosovo ilə səfər matçlarında qalib gəlib, qrupda birinci yeri tutmaq istəyirik. Bizim üçün çox çətin olacaq.

Maltaya da qol vura bilmədik. Farer adaların evdə məğlub edərik. Bütün bacarığımızı ortaya qoymalıyıq. Çünki azarkeşlər bizdən nəticə gözləyir, tələb edir. Yığmada çıxış etmək hamı üçün şərəfdir. Təkcə yığmanın oyunları ərəfəsində deyil, bütün matçlarda qol vurmaq istəyirəm”.

Son xəbərlər

Orphus sistemi