Ruhlar şəhərindən Əbədi şəhərədək... - REPORTAJ

Ruhlar şəhərindən Əbədi şəhərədək... - REPORTAJ Bizim eranın süquta uğrayan ilk imperiyasının adını daşıyan şəhərdən reportaj
Futbol
7 Dekabr , 2017 09:47
Ruhlar şəhərindən Əbədi şəhərədək... - REPORTAJ

Bakı. 7 dekabr. REPORT.AZ/ Şəhərin adı Roma, dövlətin adı qədim Roma. Bizim eranın süquta uğrayan ilk imperiyasının adını daşıyan şəhər. Küçədən şütüyən avtomobillər və sayca onlardan geri qalmayan motosikletlər olmasa, binaların görkəmindən, arxitekturasından özünü elə qədim dövrdəki kimi hiss edərsən. Addımbaşı tarixi binalarla rastlaşırsan buralarda. O qədər gəzməli-görməli yerləri var ki. Əbəs yerə Əbədi şəhər adlandırılmayıb...

Romanın öz İçəri Şəhəri var

"Qarabağ"ın İtaliya "Roma"sı ilə Çempionlar Liqasının qrup mərhələsinin son tur matçı üçün "Report"un əməkdaşı kimi İtaliya paytaxtına ezam olunmuşdum. İlk dəfədir ki, Ağdam təmsilçisi ilə səfərdə idim.

"Mən Neapoldanam. Ona görə "Napoli"yə azarkeşlik edirəm. Bura Roma olsa da, şəhərin eyniadlı komandasının yox, "Latsio" klubunun daha çox tərəfdarı var".

"Qarabağ"ın İtaliya paytaxtında "Roma" ilə keçirdiyi Çempionlar Liqasının qrup mərhələsinin son tur oyunu ərəfəsində qaldığımız otelin restoranının inzibatçısı belə deyirdi. Neapolun Bakı ilə oxşarlığını çoxları bilir. Amma Romanın heç bir şəhərlə bənzəri ola bilməz. Düzdür, otelin qarşısındakı ən azı orta əsrlərə aid qala divarları Bakının İçəri Şəhərini xatırladır. Amma divarın o tərəfində böyük, qaynar həyata malik şəhər canlanır. Romanın öz İçəri Şəhəri var. Bu, şəhər-dövlət statuslu Vatikandır.

Romada ikən Vatikan Muzeyi ilə tanışlıq fürsətindən yararlanmamaq böyük qəbahət olardı. Oteldən 15 - 20 dəqiqəlik məsafədə yerləşən tarixi abidəni görməyə gedərkən, metroda bir neçə azərbaycanlı ilə rastlaşdıq. Bakıdan gəlmişdilər, qarabağlı idilər. "Qarabağ"ın oyununu stadiondan izləyəcəkdilər. Avropa turu çərçivəsində yollarını buradan salmışdılar ki, həm gəzsinlər, həm də oyuna tamaşa etsinlər. Onların da yolu Vatikana idi.

Metrodan çıxan kimi isə bizi müxtəlif millətlərdən olan səyahət bələdçiləri - gidlər qarşıladı. Başladılar Vatikan muzeyi ilə tanışlıq üçün qiymətlər oxumağa. 50 avro da deyən oldu, 35 avro da. Əl çəkmək istəmirdilər. Bakıdakı hava limanından çıxanlara "qırsaqqız" kimi yapışan taksi sürücüləri bunların yanında toya getməli idilər. Yəni, belələrini biz çox görmüşdük deyə, əllərindən çıxmağı birtəhər bacardıq.

Bilənlər bilir, bilməyənlərə isə qısa olaraq deyim ki, Vatikan Muzeyinin əsası XVI əsrin əvvəllərində Papa II Yuli tərəfindən qoyulub. Bu, ən çox insanın baş çəkdiyi 5-ci muzeydir. Hər il bura az qala Azərbaycanın əhalisi qədər insan gəlir. Bunu muzeyin qarşısındakı meydanda növbənin uzunluğundan da görmək olardı. İnsanların çox olduğu məkanlardan biri kimi burada "Roma" - "Qarabağ" oyununa səyyar bilet satışı da təşkil olunmuşdu. Biletləri isə "Roma"nın formasını geyinmiş qızlar satırdı. 

Turizm biznesindən təkcə gidlər deyil, ətrafdakı ticarət və ictimai iaşə obyektləri, suvenir mağazaları və afrikalı küçə alverçiləri, hətta turistlərlə bir neçə avroya fotolar çəkdirən qladiator geyimli insanlar, müxtəlif alətlərlə ifa edən musiqiçilər, yerə uzanaraq, əllərini açan dilənçilər də qazanırlar. Yaxınlıqdan keçən Tibr çayı Vatikana xüsusi gözəllik verir və insanların zövqünü oxşayır.

Dünyanın 7 yeni möcüzəsindən biri

Romanın daha bir tarixi məkanı, şübhəsiz ki, Kolizey amfiteatrıdır. Elə eyniadlı metro stansiyasından çıxan kimi göz önündə canlanan möhtəşəm tikilinin gündəlik ziyarətçilərinin sayı on mini aşır. Dekabr ayı olmasına baxmayaraq, xoşbəxtlikdən, günəşli hava şəraiti gəzinti həvəskarlarının ürəyindən idi. Kolizeyə giriş 12 avroya olsa da, jurnalistlər üçün pulsuz idi. Sadəcə, jurnalist vəsiqəni göstərməklə, içəri keçə bilərdin. İlk dəfədir ki, xaricdə təkcə jurnalist vəsiqəsi ilə pulsuz buraxılış faktı ilə rastlaşırdım. Özü də böyük tarixə malik məkanda...

Kolizey amfiteatrının böyük hissəsi sökülsə də, göz bəbəyi kimi qorunmaqdadır. Bura ruhlar şəhəri, "Qarabağ"la təmsil olunan Ağdamın xarabalıqlarına bənzəmir, yəni ruhlar şəhəri deyil. Bura uçuq-sökük vəziyyətdə də gözəldir. Spartak kimi qladiatoru ortaya çıxaran amfiteatr dünyanın 7 yeni möcüzəsindən biri sayılır. Tribunalar, qulların saxlanıldığı otaqlar və döyüş məkanı insanı təkcə müasir deyil, həm də qədim Romaya səyahətə aparır. Minlərlə qulun, sənətkarın canı, qanı bahasına başa gəlmiş Kolizeyin hər divarından tarix boylanır. Mağazalardakı suvenirlər, amfiteatrın maketi, lövhələrdəki məlumatlar tarixi bilikləri zənginləşdirmək üçün əyani vəsait sayıla bilərlər.

Ziyarətçilər arasında bütün millətlərin, xalqların, ölkələrin nümayəndələrinə rast gəlmək olar. Onların arasında azərbaycanlılar da yetərincədir. Heç şübhəsiz ki, bir çoxu elə "Qarabağ"ın oyununu izləmək üçün Romaya gələnlərdir. Belə gözəllikləri sözlə nə qədər təsvir etsən də, onları görməyin yerini heç nə verə bilməz. Digər tərəfdən, axı, səfərin əsas məqsədi gəzinti deyil, gözəl futbola tamaşa etmək idi.

"Olimpiko"da azarkeşliyin pik həddi

"Olimpiko" stadionu qaldığımız oteldən çox da uzaq deyildi. 1928-ci ildə tikilən arena artıq 80 ildir istifadədədir. İtaliya Milli Olimpiya Komitəsinə məxsus təqribən 70 min tamaşaçı tutumuna malik stadiondan "Roma" və "Latsio" ilə yanaşı, reqbi komandaları da yararlanır. 1968 və 1980-ci illərdə Avropa çempionatlarının, 1990-cı il dünya çempionatının, 1977, 1984, 1996 və 2009-cu illərdə Çempionlar Kubokunun / Liqasının final oyunlarını qəbul edib. 2020-ci il Avropa çempionatının təşkil ediləcəyi 13 arena arasında Bakı Olimpiya Stadionu ilə yanaşı, "Olimpiko" da var. Burada da qrup mərhələsinin 3 matçı ilə yanaşı, 1/4 final görüşlərindən 1-i təşkil olunacaq.

Burada əvvəlcə oyunöncəsi mətbuat konfransı və açıq məşqə baxdıq, daha sonra "Roma" - "Qarabağ" qarşılaşmasına. İş elə gətirmişdi ki, Çempionlar Liqasında canlı izlədiyim qrup oyunlarının hər ikisi bu komandalar arasında olmuşdu. Amma Bakı Olimpiya Stadionunda yağışlı havada baş tutan ilk ev oyunundan fərqli olaraq, "Olimpiko"nun ab-havası da, elə hava şəraiti də bambaşqa idi. Tribunaların təqribən yarısı dolmuşdu, meydanla azarkeşləri qaçış cığırları ayırırdı. Amma stadionun akustikası azarkeşlərin səslərini vahiməli etmişdi. İlk yarıda "Qarabağ"ın çıxış etdiyi tərəfdəki arxa tribunalar demək olar ki, boş idi. Amma ikinci hissədə komandaların yeri dəyişdikdən az sonra vurulmuş yeganə qolda "Roma" fanatlarının dəstəyi də sözünü dedi. Çünki onlar məhz meydanın sağ tərəfdəki qapısı arxasında cəmləşmişdilər. Bu qolda ofsayd şübhələri olsa da, qrup mərhələsində "Qarabağ" əleyhinə verilmiş digər qərarlar kimi, heç bir dəyişiklik baş vermədi. İlk dəfə Əfran İsmayılovun start heyətində yer aldığı, Rəşad Sadıqov və Pedro Enrikenin cəza, Bədavi Hüseynovla Ansi Aqollinin zədə üzündən oynamadığı görüş minimal hesablı məğlubiyyətlə yekunlaşdı.

"Roma" və milyonların təşəkkürünü qazanan "Qarabağ"

"Qarabağ"ın qrupda qalacağı hələ V turda Bakıda İngiltərənin "Çelsi" komandasına 0:4 hesabı ilə uduzduğu görüşdən sonra dəqiqləşmişdi. Sonuncu tur Azərbaycan komandası üçün qapını möhkəm çırpmaq baxımından önəmli idi. "Roma" bu oyunda xal itirsəydi, 1/8 finala vəsiqə şansından məhrum ola bilərdi. Bunun üçün İspaniya "Atletiko"sunun səfərdə "Çelsi"ni yenməsi də vacib idi. Amma nə "Qarabağ" xal qazandı, nə də "Atletiko" qələbə. Beləliklə, "Roma" və "Çelsi" Çempionlar Liqasında 1/8 finala, "Atletiko" isə Avropa Liqasında 1/16 finala yüksəldi.

Əvvəlki səfərlərdə deyə bilmərəm, hər halda bu dəfə "Qarabağ"ın futbolçularına ailə üzvləri ilə birgə səyahət imkanı yaradılmışdı. Onların arasında legionerlər xanımları, kapitan Rəşad Sadıqov isə övladları ilə birgə idi. AZAL-a məxsus "Boeing" təyyarəsinin üzərində isə "Qarabağ" sözü yazılmışdı. R.Sadıqov cəzalı olduğundan, bütün diqqətini 19 yaşadək futbolçulardan ibarət komandanın UEFA Gənclər Liqasındakı son oyununa yönəltmişdi. Lakin o, səfər boyunca jurnalistlərlə ünsiyyət, fikir mübadiləsi də apardı. Komandanın özü isə "Roma" ilə görüşdə qrupda topladığı xallar qədər - 3 cavabsız top buraxaraq, sonuncu yeri tutdu.

Beləliklə, illərdir arzuladığımız Çempionlar Liqası həyəcanını bizə "Qarabağ" qrup mərhələsindəki 6 tur ərzində yaşatdı. V turadək növbəti mərhələ şanslarını qoruyan komandanın "Atletiko" kimi komandadan belə 2 xal alması böyük nailiyyətdir. Xüsusən, öz qrupundakı mübarizəni xalsız tamamlayan Portuqaliya "Benfika"sı və cəmi 1 xal yığan Yunanıstan "Olimpiakos"unun uğursuzluqları fonunda. "Qarabağ" uduzduğu oyunlarda ilk və ikinci hissənin start həyəcanını boğa bilməməsi üzündən qollar buraxdı. "Atletiko"nun 1/8 finala yolunu kəsdiyi üçün "Roma"nın baş məşqçisi Eusebio Di Françeskodan təşəkkür mesajı aldı. Amma ən böyük minnətdarlığı isə Bakıya qayıdarkən, xanım fanatlar və onların simasında Azərbaycanın milyonlarla futbolsevəri çatdırdı.

Təşəkkürlər, "QARABAĞ"!

Elşən MƏMMƏDOV

Bakı - Roma - Bakı

Son xəbərlər

Orphus sistemi