Ronaldu və Neymar üçün qeyri-adi doğum günü

Ronaldu və Neymar üçün qeyri-adi doğum günü Bu gün dünyanın iki aparıcı futbolçusu - İtaliyanın "Yuventus" klubunda çıxış edən Kriştianu Ronaldu və Fransa PSJ-sində oynayan Neymarın doğum günüdür
Futbol
5 Fevral , 2021 12:46
Ronaldu və Neymar üçün qeyri-adi doğum günü
Kriştianu Ronaldu və Neymar

Bu gün dünyanın iki aparıcı futbolçusu - İtaliyanın "Yuventus" klubunda çıxış edən Kriştianu Ronaldu və Fransa PSJ-sində oynayan Neymarın doğum günüdür.

"Report" xəbər verir ki, portuqaliyalı Ronaldunun 36, braziliyalı Neymarın isə futbolçuların ən yaxşı dönəmlərindən hesab edilən 29 yaşı tamam olur.

Hər ikisi əlamətdar günlərini koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərə görə istədikləri tərzdə qeyd edə bilməyəcəklər. Yəni, onlar dosları ilə bir araya gəlsələr, bu, karantin qaydalarının pozulması anlamını daşıyacaq.

Halbuki, Neymar ötən ilin bu vaxtında bütün komanda yoldaşlarını, ailəsini və dostlarını Parisdəki gecə klubunda qonaqlığa dəvət edib. Bu, PSJ-nin ovaxtkı baş məşqçisi Tomas Tuxelin xoşuna gəlməyib. Almaniyalı mütəxəssis dəvət edilmədiyi üçün yox, iki gün sonra "Nant"la oyunun olmasına görə əsəbiləşib. Braziliya millisinin üzvü "Extra" qəzetinin iddialarına cavab olaraq, tvitterdə doğum günü ilə bağlı heç bir şənliyin olmayacağı vurğulayıb. Fransanın paytaxtında axşam radələrindəki komendant saatında bir araya gəlmək mümkün deyil.

Kriştianu Ronaldu isə ötən il həyat yoldaşı Corcina Rodrigesə Turinin ən yaxşı restoranlarından birində 180 min avroluq Mercedes AMG G63 bağışlayıb. Hazırda isə İtaliyada insanların ictimai və ya xalqa açıq yerlərdə toplanması qadağandır. İtaliya ötən il koronavirusdan ən çox əziyyət çəkən ölkələrdən biridir. Burada koronavirusa görə 90 mindən çox ölüm qeydə alınıb. 2,5 milyondan çox insan isə infeksiyaya yoluxub. Futbolçu özü də həmkarı Neymar kimi koronavirusa yoluxmuşdu, lakin o, xəstəliyi simptomsuz keçirib.

Pandemiya xaricində son 12 ay futbolçular üçün həm fərdi, həm də klubları ilə birlikdə pis keçməyib. Ronaldu karyerasında 760-cı qolu vuraraq mütləq rekordçuya çevrilib. O, həmçinin A Seriyasının və İtaliya Super Kubokunun qalibi olub. Portuqaliyalı oyunçu Beynəlxalq Peşəkar Futbolçular Federasiyası və UEFA-nın versiyasına əsasən, ilin rəmzi komandasına daxil edilib.

Neymar isə PSJ ilə 4 kubok qazanıb. O, Fransa çempionatının, ölkə kubokunun, liqa kubokunun və ölkə Super Kubokunun qalibi olub. Paris təmsilçisi 2020-ci ildə Çempionlar Liqasının finalında Almaniya "Bavariya"sına məğlub olub - 0:1.

Beləliklə, həm Ronaldu, həm də Neymar özləri üçün uyğun olmayan doğum günü qeyd edəcəklər. Amma hər iki futbolçu bu il meydanda daha çox uğur qazanmağa çalışacaq.

Son xəbərlər

Orphus sistemi