Roman Qriqorçuk: "Qəbələ"də boşuna çalışmamışam" - MÜSAHİBƏ

Roman Qriqorçuk: "Qəbələ"də boşuna çalışmamışam" - MÜSAHİBƏ "Sənan Qurbanovu nəinki məsləhət görmüşəm, hətta ona inanıram"
Futbol
1 İyun , 2018 09:23
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ "Qəbələ" klubunun sabiq baş məşqçisi Roman Qriqorçukun "Report"a müsahibəsi

- Klubla yollarınızın ayrılmasını necə qarşıladınız? 

- Dostcasına, mehribancasına ayrıldıq. Eyni zamanda yolasalma tədbirində yaşananlar təsiredici idi. Amma yolumuza davam edirik. İndi bu barədə danışmaq belə istəməzdim. Sadəcə, klub rəhbərliyinə və əməkdaşlarına, komandadakı bütün futbolçulara, indiyədək yollarımızın kəsişdiyi hər kəsə təşəkkür edir, onlara ən xoş arzularımı çardırıram.

- "Qəbələ"də çalışdığınız 3,5 ili xatırlayarkən, xüsusən nələri qeyd edərdiniz? 

- Komandadan ayrıldıqdan sonra ötən iki gün ərzində vidalaşdığım insanlardan elə xoş sözlər eşidirəm ki... Sadəcə, anlayıram ki, burada boşuna çalışmamışam. Öz tərəfimdən də hər şey qarşılıqlıdır. Münasibətlərimizin xoş olduğu insanları görürəm. Mənim üçün ən əsası budur.

- Gələcək uğurlar üçün indiki rəhbərliyə nəyi məsləhət görərdiniz? 

- Bu mövzuda söhbətlərimiz, bəzi məsələlər ətrafında müzakirələrimiz olub. Lakin geniş publika üçün ciddi fikirlər səsləndirmək istəmirəm. Sadəcə, yeni baş məşqçiyə uğurlar arzulayıram. Ona inanır və daha yaxşı nəticələr əldə etməsini diləyirəm.

- Yeri gəlmişkən, Sənan Qurbanovu təyin etməyi siz məsləhət görmüsünüz? 

- Mən nəinki məsləhət görmüşəm, hətta ona inanıram. Hesab edirəm ki, Sənan Qurbanov bu işə tam hazırdır və "Qəbələ" üçün faydalı olacaq.

- "Qəbələ"nin Azərbaycan Kubokunu qazanması üçün nə çatmadı? 

- Vurulası qollar. "Keşlə" ilə bərabər səviyyəli oyun gedirdi. Hətta bəlkə də üstün tərəf idik. Amma rəqib qol vura bildi, biz isə yox. Bununla da məsələ həll olundu və kuboku qazana bilmədik.

- Premyer Liqada gümüş və bürünc medallar qazandınız, ölkə kubokunun finalçısı olduğunuz. Bəs 3,5 illik fəaliyyətiniz dövründə titul əldə edə bilməməyiniz nə ilə əlaqədar idi? 

- Doğrudur, yaxşı nəticələr göstərə bildik. Lakin titul qazanma şanslarımızı əldən verdik. Bu, məni məyus etdi.

- Gələcək iş yeriniz çox müzakirə olunur. Bu barədə nə deyə bilərsiniz? 

- Burada müzakirə olunası bir şey yoxdur. Yeni iş yerimin müəyyənləşməsi üçün bir müddət gözləmək lazımdır. Mən buna aydınlıq gətirdikdən sonra hamı da xəbər tutacaq.

- Adətən, uzun müddət çalışdıqdan sonra istefa verən baş məşqçilər istirahətə ehtiyaclarının olduğunu bildirirlər. Bəs siz? 

- Xeyr. Mən Azərbaycan Kubokunun finalınadək komandadakı taleyimlə bağlı heç bir açıqlama verməyəcəyimi demişdim. Final oyunundan sonra isə 3-4 gün ərzində qərar qəbul edəcəyimi bildirmişəm.

- Deməli, artıq konkret təklifləriniz də var... 

- İndi bu barədə danışmayacağam. Bir qədər gözləyin, hər şeyi biləcəksiniz.

- Tezliklə yeni iş yeriniz müəyyənləşəcək? 

- İndi mənə bunu demək çətindir. İrəlidə nəyin olduğunu tapmaq mənlik deyil. Sadəcə, qarşıdakı günlər ərzində bu məsələ üzərində çalışacağıq. Amma nələr olacağını heç kim deyə bilməz. Hazırda bu istiqamətdə çalışıram. Belə məqamlarla bağlı hər hansı artıq söz demirəm. Hər şeyə aydınlıq gəldikdən sonra hamının xəbəri olacaq. Konkretlik olmadan, nəyə görə bu cür söhbətlər edək?

- Konkret olaraq, Qazaxıstanın "Astana" klubundan təklifiniz var? 

- Bir daha deyirəm: İndi mən qarşıda nələr etməli olduğumu müəyyənləşdirmək üzərində çalışmalıyam. Rəsmən elan verildikdən sonra hər şey aydın olacaq. O zaman bizə nə isə danışmaq asan olacaq.

Son xəbərlər

Orphus sistemi