Roman Qriqorçuk: "Biz finalda oynamağa layiq komandaya uduzduq"

Roman Qriqorçuk: "Biz finalda oynamağa layiq komandaya uduzduq" "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Borussiya" (Dortmund) komandası ilə oyunun nəticələrini şərh edib
Futbol
6 Noyabr , 2015 00:57
Roman Qriqorçuk: Biz finalda oynamağa layiq komandaya uduzduq

Bakı. 6 noyabr. REPORT.AZ/ "Biz bu gün finalda oynamağa layiq komandaya uduzduq. Rəqibin səviyyəsi nəinki Avropa Liqasında, hətta Çempionlar Liqasında oynamağa layiqdir. Əlbəttə, nəticədən razı deyilik. Amma bu, bizim üçün vacib oyun, öyrəniləsi materialdır. Bu, bizim üçün ciddi dərs, material oldu ki, mərhələ-mərhələ yüksəlmək üçün nəticə çıxaraq". "Report"un məlumatına görə, bunu Almaniyada "Borussiya" (Dortmund) komandasına 0:4 hesabı ilə uduzduqları oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan əvvəl nə gözləyirdiniz, nə baş verdi?

- Əlbəttə, nəticə bundan yaxşı ola bilərdi. Nəyin gözlədiyini təsəvvür edirdik. Məlum məsələdir ki, rəqib bizdən güclü idi. Heç bir qorxulu hal baş vermədi. Baş verməli olan hal baş verdi.

- Vaqif Cavadov jurnalist, futbolçu, yoxsa turist kimi bura gəlmişdi?

- Onsuz da əhval-ruhiyyəm yaxşı deyil. Mənə belə gülməli sual vermək lazım deyil. Bu gün oyunun protokoluna hazır oyunçular salınmışdı.

- "Qəbələ"nin uğursuz seriyası "Borussiya" ilə başlayıb. Bundan sonrası nə qədər davam edəcək?

- Futbolda möcüzə nadir hallarda baş verir. Biz Azərbaycan Premyer Liqasında planlaşdırdığımız və qazanmalı olduğumuz xalları qazanmadıq. Səbəb o idi ki, hücumların sonluğunu gətirmədik. Burada uğursuz seriya görmürəm. Belə oyunlar isə hər bir komanda ilə bağlı baş verir. Bugünkü oyunla xal qazana bilməsəydik, sizinlə razı idim. Amma biz hücum futbolu sərgilədiyimiz oyunlarda xallar itirmişik. Analiz etməli və müəyyən düzəlişlər edəcəyik.

- Əsəbi görünürsünüz...

- Xeyr, əsəbi deyiləm, sadəcə əhvalım pozulub. Ola bilsin, ilk sual məni özümdən çıxardı, amma hirsli deyiləm.

- "Qəbələ"ni bu səviyyəyə çatdırdıqdan sonra diqqətlər sizə yönəlib. Təkliflərə reaksiyanız necədir?

- Bu barədə şərhsiz danışıram. Amma bu gün qeyd edərdim ki, mən "Qəbələ"ni, futbolçuları sevirəm, rəhbərliyə böyük hörmətlə yanaşıram. Hazırda məni komandanı yüksək səviyyəyə qaldırmaq düşündürür. Bu gün ürəkdən cavab verirəm. Ona görə xahiş edirəm ki, bir daha bu sualı verməyəsiniz. Rəqibimiz istənilən komanda ilə oynamağa qadir komandadır. Biz isə öz üzərimizə düşən vəzifəni anlayıram. "Qəbələ"nin qaydasına düşəcəyinə və dünya səviyyəli oyun sərgiləyəcəyinə inanıram. Hazırda bütün fikirlərim buna yönəlib.

- "Krasnodar" PAOK-a qalib gəldikdən sonra "Qəbələ"nin "pley-off"a yüksəlmə şansı demək olar ki, itdi. Bundan sonrakı hədəfləriniz nədən ibarət olacaq?

- Hələ az da olsa, şansımız var. Ona görə yeganə məqsədimiz növbəti oyundan qalib ayrılmaqdır. Rəqiblərin xal itirməsində də maraqlıyıq. Bununla da itməmiş şansımızı qaytarmaq niyyətindəyik. 

Son xəbərlər

Orphus sistemi