Roman Qriqorçuk: "Azərbaycan xalqına, azarkeşlərə çox minnətdaram"

Roman Qriqorçuk: "Azərbaycan xalqına, azarkeşlərə çox minnətdaram" Qəbələ. 28 may. REPORT.AZ/ Favorit olmur, xüsusilə də finalda. Həmişə şanslar bərabərdir. Bilirdik ki, yaxşı komandaya qarşı oynayacağıq. Matç bərabər səviyyədə keçdi. Sadəcə, rəqib qol epizodundan istifadə etdi, biz isə yox. Əlbəttə, çox məyusuq. Ümid edirdik ki, Qəbələdəki finalı qazanacağıq. Futbolçulara görə acıyırıq, onlar çox üzülüblər. Halbuki kuboku qazanmağı çox istəyirdilər, bu arzuyla yaşayırdılar. İndisə belə məyus vəziyyətdədirlər.
Futbol
28 May , 2018 23:55
Roman Qriqorçuk: Azərbaycan xalqına, azarkeşlərə çox minnətdaram
Report.az

Qəbələ. 28 may. REPORT.AZ/ "Favorit olmur, xüsusilə də finalda. Həmişə şanslar bərabərdir. Bilirdik ki, yaxşı komandaya qarşı oynayacağıq. Matç bərabər səviyyədə keçdi. Sadəcə, rəqib qol epizodundan istifadə etdi, biz isə yox. Əlbəttə, çox məyusuq. Ümid edirdik ki, Qəbələdəki finalı qazanacağıq. Futbolçulara görə acıyırıq, onlar çox üzülüblər. Halbuki kuboku qazanmağı çox istəyirdilər, bu arzuyla yaşayırdılar. İndisə belə məyus vəziyyətdədirlər".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun finalında "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib. Ukraynalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Hər halda, Qəbələdə keçirilən matçda favorit sayılırdınız. Hesab etmirsiniz ki, bu, sizin ziyanınıza oldu?

- Yox. Gördüm ki, futbolçular oyuna necə köklənirdilər, finala necə ciddi yanaşırlar. Oyuna hazırlıq müddətində onlarla fərdi söhbətlərim oldu. Matçla bağlı hər şeyi müzakirə etdik: taktikanı da, strategiyanı da. Təəssüf ki, istəklərimiz uğurla həyata keçmədi.

- Mövsümdə ilk dəfə 5 müdafiəçi ilə oynayırdınız. Bu taktiki dəyişiklik nə ilə bağlı idi?

- Bu haqda danışmağa dəyməz. Çünki nominal taktiki sxem heç bir əhəmiyyət daşımır. Önəmli olan onun necə işləməsidir. Bu gün onu necə istifadə etdiyinə baxsaq, demək olmaz ki, beş müdafiəçi idi. Çünki bir az başqa cür idi.

- Filip Ozobişlə bağlı qərarınız gözlənilməz oldu. O, niyə ehtiyatda qaldı: Əsas heyətdə meydana çıxmağa tam hazır deyildi?

- Hər şeyi analiz edərək belə varianta qərar verdik. Ozobiçin zədəsi var idi. Bu üzdən bir müddət oynamadı. Oynamağa başlasa da, belə nəticəyə gəldik ki, 90 dəqiqə çıxış etməyə hazır deyil. Ona görə ehtiyatda saxladıq, sonradan meydana buraxdıq və oyunu sürətləndirdi.

- Bu, "Qəbələ"də son oyununuzdur?

- Bəli.

- Qazaxıstana yollanırsınız?

- Yox. Hələ heç nə deyə bilmirəm hara gedirəm. Sizlərə qərarımın oyundan sonra açıqlayacağımı demişdim. İndi konkret söz deyə bilmərəm. Bu, o vaxt açıqlanır ki, rəsmi müqavilə imzalanır, hər şey həll olunur.

- Qazaxıstan mətbuatı yazmışdı ki, hətta "Astana"nın prezidenti ilə görüşmüsünüz...

- İndi müzakirə edəcəyəm ki, kim nə yazıb? Əvvəla, bunu oxumamışam. İkinci də biz peşəkarlar bunu necə müzakirə edə bilərik? Dəqiq bir şey olanda deyirəm. İndi isə bir şey deyə bilmərəm.

- Hesab edirsiniz ki, məğlubiyyətdə yalnız bəxtsizlik rol oynadı, yoxsa nəsə çatmadı?

- Bəxtsizlik haqda heç bir söz demədim. Sadəcə, onu deyim ki, tam bərabər səviyyəli oyun idi. Ola bilər ki, bir az ərazi üstünlüyümüz var idi. Ancaq bu, heç bir rol oynamır. Belə qarşılaşmada qol vurmaq vacib idi. Kim vuracaqdı, qazanacaqdı. Bunu "Keşlə" bacardı.

- "Qəbələ" kuboku qazansaydı, getmək qərarınıza yenidən baxa bilərdiniz?

- İndi deyə bilmərəm ki, bu, olsaydı, necə olardı.

- Qərarınız nəticədən asılı idi?

- Məsələni incələyə bilmərəm. Sadəcə, sizə onu bəyan edirəm ki, bu, "Qəbələ"də son matçım idi. Düşünmürəm ki, necə oynamağımız hansısa önəm daşıyardı.

- Azərbaycan sərgüzəştlərini necə dəyərləndirirsiniz?

- Əvvəla, bunun qələbə ilə yekunlaşmasını çox istəyərdim. Çünki futbol planında çox yaxşı anlarımız olub. Burada həmişə insanların özümə qarşı hörmətini hiss etmişəm, bütün jurnalistlərdən daim peşəkar münasibət görmüşəm. Buna görə indi fürsətdən istifadə edərək sizlərə minnətdarlığımı bildirirəm. Onu deyə bilərəm ki, bu münasibət qarşılıqlıdır. Dəfələrdə bildirmişəm ki, burada çox şey öyrənmişəm. Azərbaycan xalqına, xüsusilə də futbol azarkeşlərinə çox minnətdaram. Futboldan danışırıq, ancaq onu da bilirəm ki, bu gün ölkə böyük bayramı qeyd edir. Müsahibəmizi bütün Azərbaycana Xalq Cümhuriyyətinin 100 illik yubiley münasibətlə təbriklərimi çatdırmaqla bitirmək istəyirəm. Təkcə azarkeşlərə görə, bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.

Son xəbərlər

Orphus sistemi