Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının yeni baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasında XV turun "Xəzər Lənkəran” – "Qəbələ” matçını izləyəcək. "Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis dekabrın 7-də "Bayıl Arena"da baş tutacaq qarşılaşmadan qeydlər aparacaq.
Görüş saat 17:00-da başlanacaq. Bu, 45 yaşlı baş məşqçinin rəsmi təyinatından sonra izləyəcəyi ilk qarşılaşma olacaq.
Qeyd edək ki, R.Prosineçki ilə 3 illik müqavilə bağlanılıb. Onun xorvatiyalı köməkçiləri Yanko Yankoviç, Qordan Çipriç və Draqan Spaşiçdir. Yerli məşqçi qismində isə ona Mahmud Qurbanovla Elxan Abdullayevin yardım edəcəkləri gözlənilir.