Robert Prosineçki “Neftçi” – “Xəzər Lənkəran” oyunundan narazı qalıb

Robert Prosineçki “Neftçi” – “Xəzər Lənkəran” oyunundan narazı qalıb “Mübarizə var idi, amma keyfiyyət yox”
Futbol
20 Sentyabr , 2015 23:51
Robert Prosineçki “Neftçi” – “Xəzər Lənkəran” oyunundan narazı qalıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqada V turun "Neftçi" - "Xəzər Lənkəran" matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report"un məlumatına görə, xorvat mütəxəssis oyundan razı qalmadığını bildirib:

- Biz bu oyunda mübarizə gördük. Amma deməzdim ki, keyfiyyətli oyuna da şahidlik etdik. Mübarizə var idi, amma keyfiyyət yox.

- Millidəki futbolçuların çıxışı sizi razı saldı?

- Rahid Əmirquliyev yeganə oyunçudur ki, əlindən gələni edir, mübarizə aparır, gözəl oyun sərgiləyir. Onun barəsində hər dəfə müsbət fikirdə oluram. Həqiqətən də peşəkardır. Araz Abdullayev pis deyildi. Ümidvaram ki, milli komandanın bütün futbolçuları formada qalacaqlar. Çünki oktyabrın 10-da bizi İtaliya ilə vacib ev oyunu gözləyir. Onların yığmaya da yaxşı formada gələcəklərinə inanıram.

- Hər iki komandada yetərincə gənc futbolçu çıxış edirdi. Onlardan bəyəndikləriniz oldu?

- Gənc, yaxşı formada olan oyunçular var. Amma Premyer Liqadakı qarşılaşmadan sonra 21 yaşadək yığmanın heyətində onların almaniyalı həmyaşıdlarına qarşı çıxışını izləyirəm. Həmin gənc oyunçular 0:3 hesabı ilə uduzurlar. Amma hesab 0:5 də ola bilərdi. Yaxud Avstriya ilə qarşılaşmaya baxıram. 0:2 hesabı ilə uduzuruq. Hər iki qarşılaşmada "Xəzər Lənkəran"ın hücumçusu Elnur Cəfərov çıxış etsə də, rəqib qapısına bir zərbə də vura bilmədi. Yəni, çempionat başqadır, amma müqayisəni güclü ölkələrlə keçirilən oyunlarla aparaq. Belə qarşılaşmalara baxanda görürük ki, gənclər bacarıqlarını tam göstərə bilmirlər. Gənclər xoşuma gəlir, amma qarşıda İtaliya ilə oyunun olduğunu nəzərə alaraq, deyə bilərəm ki, onlar üçün hələ tezdir.

- Bəs tribunada yalnız bir komanda azarkeşinin olması sizdə necə təsir bağışladı?

- (gülür) İstərdim ki, tribunalar dolu olsun, "Xəzər Lənkəran" azarkeşləri də yer alsın. Təəssüflər olsun ki, belə deyildi. Bu, futbolun xeyrinə deyil. İstərdim ki, tribunalarda hər iki komanda azarkeşləri olsun və tribunalar dolsun. Təəssüf ki, "Qəbələ" - PAOK matçında da, Azərbaycan - Xorvatiya qarşılaşmasında da tribunalar dolu deyildi. "Qəbələ"nin də, "Qarabağ"ın da, Azərbaycan millisinin də Avropa miqyaslı oyunlarında kifayət qədər azarkeş olacaq və bu qarşılaşmaları onlar maraqla izləyəcəklər.

Son xəbərlər

Orphus sistemi