Robert Prosineçki: "Gəldiyim vaxt bu komanda sonuncu pillədə idi"

Robert Prosineçki: "Gəldiyim vaxt bu komanda sonuncu pillədə idi" Türkiyənin "Kayserispor" klubunun baş məşqçisi Robert Prosineçki Türkiyə Super Liqasının XXX turunda "Beşiktaş" üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib.&
Futbol
7 İyul , 2020 09:37
Robert Prosineçki: Gəldiyim vaxt bu komanda sonuncu pillədə idi
Robert Prosineçki

Türkiyənin "Kayserispor" klubunun baş məşqçisi Robert Prosineçki Türkiyə Super Liqasının XXX turunda "Beşiktaş" üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib. 

"Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis komandasının qalib gəlmək üçün hər şeyini ortaya qoyduğunu bildirib. O, futbolçularının insandan da yüksək səviyyədə mübarizə apardığını vurğulayıb: "Bura gəldiyim vaxt komanda çempionatın sonuncu pilləsində idi. Hamı "Kayserispor"un aşağı liqaya enəcəyini düşünürdü. Amma bu gün oyunçularımız hər şeylərini verdilər və inanılmaz qalibiyyətə imza atdılar. Hətta insandan da üstün mücadilə etdiklərini söyləyə bilərəm". 

Qarşıdakı mövsüm də Superliqada davam etmək üçün böyük fürsət yaxaladıqlarını söyləyən 51 yaşlı mütəxəssis iyulun 9-da "Rizespor"la keçirəcəkləri səfər matçına köklənmələrinin gərəkliyini diqqətə çatdırıb. Bununla belə, Prosineçki "Beşiktaş" kimi böyük komandanı yenməyin ləzzətini yaşamalarının da vacibliyini vurğulayıb. O, qalan 4 turun yekununda Superliqada qala biləcəklərinə ümidvar olduğunu bildirib. 

Bu qələbə sayəsində xalını 31-ə çatdıran "Kayserispor" 18 komanda arasında 14-cü pilləyə yüksəlib və təhlükəli zonanı tərk edib. 50 xala malik "Beşiktaş" isə çempionluq şansını tam itirib. "Rizespor" isə hazırda 29 xalla 17-ci yerdə gedir. 

Qeyd edək ki, Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. 

Son xəbərlər

Orphus sistemi