Robert Prosinçeki: "Almaniya ilə görüş qrupun ən asan oyunu olacaq"

Robert Prosinçeki: "Almaniya ilə görüş qrupun ən asan oyunu olacaq" Almanlar nəinki qrupumuzun favoritidir, dünyanın ən yaxşı komandalarından biridir
Futbol
15 Mart , 2017 11:38
Robert Prosinçeki: Almaniya ilə görüş qrupun ən asan oyunu olacaq

Bakı. 15 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosinçeki brifinq keçirib. "Report" xorvatiyalı mütəxəssislə müsahibəni təqdim edir:
- Qətərlə yoldaşlıq oyunu barədə nə deyə bilərsiniz?
- Bu oyun bizim üçün çox vacib idi. Çünki Almaniya ilə seçmə mərhələ qarşılaşmasına az vaxt qalıb. Yeni futbolçuları yoxladım. Qələbə qazandığımız üçün sevinirəm.
- Bəzi futbolçuların milli komandaya dəvət olunması xoş qarşılanmadı...
- Baş məşqçi mənəm. Heyəti mən müəyyənləşdirirəm. Əlbəttə, kimsə deyə bilər ki, filan oyunçu niyə çağırılmayıb. Qərarı mən verirəm.
- Kamran Ağayevi milliyə çağıracaqsınız? Qapını kimə etibar edəcəksiniz?
- Kamran Ağayev artıq "Boavişta"da əsas heyətdə yer almır. Səlahət Ağayev Qətərlə görüşdə yaxşı təsir bağışladı. Lakin zədələndi. Bilmirik necə olacaq. Hər şeyə rəğmən, Kamran Ağayev bizim bir nömrəli qapıçımızdır?
- Riçard Almeydanın bir günlük milli komandaya dəvət olunması nəyə hesablanmışdı?
- Almeydanın növbəti rəsmi oyunda oynayacağını bilirik. Lakin gələcəkdə çıxış edə bilər. Onun pasportu, sənədləri hazırlanır. Almaniya ilə matçda oynaya bilməyəcəyi üçün Qətərlə görüşdə onu oynatmadım.
- Almaniya ilə oyuna köklənmək çətin olmayacaq ki?
- Bizim üçün Almaniya ilə görüş qrupun ən asan oyunu olacaq. Almanlar nəinki qrupumuzun favoritidir, dünyanın ən yaxşı komandalarından biridir. Bu üzdən üzərimizdə heç bir təzyiq yoxdur.
- Sizinlə görüşən almaniyalı jurnalist bildirib ki, Azərbaycan minimum 0:5 uduzacaq. Yəni, arada bu qədər səviyyə fərqi var?
- Bəli, görüşümüz olub. Lakin bu barədə heç nə danışmamışıq. Ona dedim ki, bu matç Almaniya üçün çətin olacaq.
- Qətər Azərbaycanla görüşə hərbi sirr kimi yanaşır, görüntüləri təqdim etmir. Müasir futbolda bu nə dərəcədə doğrudur?
- Sizinlə razıyam. Niyə belə etdikləri mənim üçün də qaranlıq qalıb.

Son xəbərlər

Orphus sistemi