Riçard Almeydanın klubu maliyyə problemləri ilə üzləşib

Riçard Almeydanın klubu maliyyə problemləri ilə üzləşib Futbolçular əmək haqlarını ala bilmirlər
Futbol
14 Dekabr , 2018 12:15
Riçard Almeydanın klubu maliyyə problemləri ilə üzləşib

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın formasını geyindiyi Qazaxıstanın “Astana” klubu maliyyə problemləri ilə üzləşib.

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qriqori Babayan Avropa Liqasının qrup mərhələsinin VI turunda Fransa “Renn”inə səfərdə 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib. 38 yaşlı mütəxəssisin sözlərinə görə, mükafatların ödənilməməsi futbolçulara pis təsir edib: “Futbol nüansları ilə yanaşı, artıq neçənci ildir ki, mövsümün sonunda maliyyə problemləri ilə üzləşirik. Hazırda komandaya ödənilməli olan mükafatlardan böyük borc yığılıb. Əlbəttə, məşqçi kimi məğlubiyyətə görə günahı öz üzərimə götürürəm. Amma ödəmələrdəki gecikmələr futbolçulara təsir edir. Onlar əsəbiləşir, məndən ödənişlərin nə vaxt olacağını soruşurlar. Ona görə məşq prosesindən başqa maliyyə məsələləri ilə bağlı söhbətlərə də diqqət ayırmalı oluruq. Bu, normal hal deyil. Cari mövsümdə maksimum nəticə göstərmişik, qarşıya qoyulan tapşırığın öhdəsindən gəlmişik. Ölkə çempionu olmuşuq, qrupa düşmüşük və Avropa Liqasında 1/16 finala vəsiqə qazanmağa yaxın idik. Sponsorlarımız bundan sonra da komandanın qarşısında böyük məqsədlər qoymaq istəyirlərsə, borclar olmamalıdır. Mövsümün sonunda futbolçulara haqq etdikləri pulla bağlı nə deməli olduğumu bilmirəm. Ümid edirəm ki, ən qısa zamanda borclar bağlanacaq”.

“Astana”nın prezidenti Sayan Hamitjanov da klubun maliyyə problemləri ilə üzləşdiyini təsdiqləyib. O bildirib ki, təsisçilər maliyyə və infrastruktur problemlərini həll etməsələr, paytaxt təmsilçisini tənəzzül gözləyir: “Çempionatdakı qələbə, qrupdan çıxmaq üçün sona qədər mübarizə aparmaq – görünür, bunlar bizim üçün son həddir. Həqiqətin gözünə baxmaq lazımdır – biz yüksəldiyimiz zirvələrə layiq deyilik. “Astana”nın idman uğurları sponsorlar tərəfindən olan dəstəyi əhəmiyyətli dərəcədə geridə qoyur. Klubun bazası yoxdur, stadionumuza UEFA tərəfindən xeyli irad var. Son 4 ildə klubun büdcəsi dəyişməyib. Amma bu müddətdə komandanın səviyyəsi xeyli yüksəlib. Səhmdarlar qısa zamanda maliyyə və infrastrukturla bağlı təbir görməsələr, klubun son illər avrokuboklarda əldə etdiyi uğurlar tarixdə qalacaq və “Astana” tənəzzül edəcək”.

Qeyd edək ki, Avropa Liqasında K qrupunda yer alan “Astana” 8 xalla 3-cü yeri tutub. 1/16 finala isə 11 xalla Kiyev “Dinamo”su və 9 xala malik “Renn” vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi