"Səbail"in legioneri: "Dostlarım üçün də yemək bişirirəm" - MÜSAHİBƏ

"Səbail"in legioneri: "Dostlarım üçün də yemək bişirirəm" - MÜSAHİBƏ Səbail klubunun braziliyalı futbolçusu Eriko da Silvanın Reporta müsahibəsi
Futbol
14 Aprel , 2020 18:11
Səbailin legioneri: Dostlarım üçün də yemək bişirirəm - MÜSAHİBƏ

"Səbail" klubunun braziliyalı futbolçusu Eriko da Silvanın "Report"a müsahibəsi

- Əvvəlcə koronavirusla bağlı fikirlərinizi bilmək maraqlı olardı. Belə bir virusun olduğuna həqiqətənmi inanırsınız?

- Virus bütün dünyaya yayılıb və hər şeyi dayandırıb. Bu qədər insan ölür. Koronavirusun olduğuna necə inanmamaq olar?

- Virusa yoluxmamaq üçün hansı tədbirlər görürsünüz?

- Əsasən evdən bayıra çıxmıram və sağlamlığımın qeydinə qalıram. Təbii ki, dezinfeksiyaedici məhlullardan istifədə edirəm.

- Karantin dövrü sizin üçün darıxdırıcı deyil?

- Əlbəttə, darıxdırıcıdır. Boş vaxtlarımı nə iləsə öldürməyə çalışıram.

- Bakıda tək qalırsınız?

- Bəli. Çünki həyat yoldaşım bir müddət öncə Braziliyaya getdi və virusa görə geri qayıda bilmədi.

- Deməli, öz yeməyinizi də özünüz hazırlayırsınız...

- Əlbəttə. Həqiqətən, yemək bişirməyi sevirəm. Düşünürəm ki, mənim yeməklərim həyat yoldaşımın bişirdiklərindən daha yaxşı olur (gülür). Bəzən dostlarım üçün də yemək bişirirəm. Komandamızın qapıçısı Aleksandr Rıbka mənim yeməklərimi xoşlayır (gülür).

- Hansı yeməkləri bişirə bilirsiniz?

- Braziliya mətbəxinə aid ənənəvi yeməklərin bir çoxunu hazırlaya bilirəm. Xüsusilə lobya, düyü, ət və toyuqdan dadlı yeməklər bişirirəm.

- Dediniz ki, əsasən evdə olursunuz. Maraqlıdır, hansı işləri görürsünüz, əsas məşğuliyyətiniz nədir?

- Formada qalmaq üçün fərdi məşq edirəm. Maraqlı filmlərə baxır, oyunlar oynayıram. Bu yolla günü başa vururam.

- Hansı filmlərə üstünlük verirsiniz?

- “La casa de Papel” (“Kağız ev”), “Narcos” (“Narko”) və bu kimi digər serialları izləməyi sevirəm.

- Oynadığınız oyunların adlarını çəkə bilərsiniz?

- “Recident Evil”, PUBG... Bunları qardaşım və dostlarımla birlikdə oynamağı xoşlayıram.

- Bəs kitab necə, oxuyursunuz?

- Xeyr, kitab oxumuram. Seriallar ingilis dilini daha yaxşı öyrənməyimə kömək edir.

- Hazırda sərhədlər bağlıdır. Karantin rejimindən əvvəl Braziliyaya getmək barədə düşünürdünüz?

- Əlbəttə, bunu çox istəyirdim. Amma uzaqdır. İnanmıram ki, baş məşqçi getməyimə icazə verərdi.

- “Səbail”lə müqaviləniz nə vaxt başa çatacaq?

- Yayda. Daha dəqiq desəm, iyunun sonunda.

- Gələcəyiniz barədə nə düşünürsünüz: Komandada qalacaqsınız?

- Hələ bilmirəm. Müqaviləmin sonuna kimi gözləyəcəyəm. Ondan sonra nə edəcəyimə qərar verəcəyəm.

- Karyeranızı Azərbaycanda davam etdirmək istəyərdiniz?

- Ölkənizi sevirəm. Amma bu məsələ təkcə məndən asılı deyil.

Son xəbərlər

Orphus sistemi