Riad Rəfiyev: "Bu futbolçularla davam etmək niyyətindəyik"

Riad Rəfiyev: "Bu futbolçularla davam etmək niyyətindəyik" "Bizim üçün üzücü məqamdır. Qələbə qazanmaq istəyirdik. Premyer Liqanı üçüncü pillədə bitirdik və mövsüm bizim üçün yaxşı alındı. Kubokda isə finala qədər irəlilədik"
Futbol
24 May , 2021 22:34
Riad Rəfiyev: Bu futbolçularla davam etmək niyyətindəyik
Riad Rəfiyev

"Bizim üçün üzücü məqamdır. Qələbə qazanmaq istəyirdik. Premyer Liqanı üçüncü pillədə bitirdik və mövsüm bizim üçün yaxşı alındı. Kubokda isə finala qədər irəlilədik".

"Report"un məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında "Sumqayıt"ın prezidenti Riad Rəfiyev "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final oyunundan sonra deyib.

Funksioner ölkə kubokunun yarımfinalında "Qarabağ"ı mübarizədən kənarlaşdırdıqlarını xatırladıb: "İstəyirdik ki, bu qədər çətinlikdən sonra kuboku da qaldıraq. Qismət olmadı, alınmadı. Ümid edirəm ki, növbəti il alınar. Bununla belə, mövsüm bizim üçün birmənalı olaraq uğurlu alındı. Komanda bürünc medal və avrokuboklara vəsiqə qazandı. Ölkə kubokunda final oynadıq. Kuboku da qaldırmağa yaxın idik, "Qarabağ" kimi rəqibi keçdik, milli komandaya xeyli sayda futbolçu verdik. Əlbəttə, bu, bizim üçün yaxşı mövsümdür. Oyunumuzla, futbolumuzla biz bunu haqq etdik. Heç kim deyə bilməz ki, "Sumqayıt" buna layiq deyil".

Rəfiyev ikinci hissədə məğlubiyyətlə erkən barışmadıqlarını bildirib: "Bəzən elə olur ki, hər şey istədiyiniz kimi alınmır. Biz də qələbə istəyirdik. Son dəqiqələrdə hücumçumuzun zərbəsi qapı tirindən qayıtdı. Futbolda belə şeylər olur. Rəqibi təbrik edirəm. Zaur Axundov yaxşı klub qurub. Sonda niyyətlərinə çatdılar".

O, az büdcə ilə uğurlu çıxış etmələrinin də səbəbini açıqlayıb: "Burada bir və ya iki səbəb yoxdur. Burada çox səbəb var. Onları sadalasaq, yarım saat burada danışmalıyıq. Düzgün iş qurmaqla, yerli futbolçularla bu yerlərə çatmışıq. Avrokuboklardan əvvəl maliyyə problemlərinin olacağı görünmir. Sponsorlarımız kluba tam olaraq dəstək verirlər. Onlara öz minnətdarlığımı bidirirəm".

Klub rəhbəri heyətdə hər il çoxlu dəyişikliklərin olmasının səbəbini də açıqlayıb: "Bu, yəqin ki, apardığımız düzgün seleksiya ilə əlaqədardır. Oyunçularımıza kifayət qədər böyük təlabat var. Bu futbolçularla yolumuza davam etmək niyyətindəyik. Ötən mövsüm avrokuboklar öncəsi gec toplandıq. Komandanı gec yığmağımızın səbəbləri var idi. Bu il hər şey qaydasındadır. Konfrans Liqasında mümkün qədər irəli getmək istəyirik".

Son xəbərlər

Orphus sistemi