Rəşad Sadıqov: "Yığma AÇ-2020-nin final mərhələsinə çıxmağı hədəfə almalıdır"

Rəşad Sadıqov: "Yığma AÇ-2020-nin final mərhələsinə çıxmağı hədəfə almalıdır" "Millimizə gələcək oyunlarda uğurlar arzulayıram"
Futbol
4 Oktyabr , 2017 22:32
Rəşad Sadıqov: Yığma AÇ-2020-nin final mərhələsinə çıxmağı hədəfə almalıdır
Foto: REPORT/Firi Salim

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Bizi ciddi oyun gözləyir. Çexiya yığmasının son 2 matçını izləmişik. Rəqib çox yaxşı formadadır. Seçmə mərhələdə son ev oyunumuzdur. Yaxşı nəticə qazanmağa çalışacağıq".

“Report” xəbər verir ki, bunu 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığmasına qarşı oyunda sonuncu dəfə Azərbaycan millisinin formasını geyinəcək Rəşad Sadıqov deyib.

35 yaşlı kapitan millidən gedişi barədə gələcəkdə ətraflı danışmaq niyyətindədir:

"Bu haqda çox danışmaq olar. Sadəcə, sabah bizi vacib oyun gözləyir. Fikrimin dağılmasını istəmirəm. İlk gündən əlimdən gələni etmişəm. Nə qədər yaxşı və ya pis alındığına azarkeşlər, futbol ictimaiyyəti qərar verə bilər. Asan qərar deyil. Milli həmişə döyünən ürəyim olub. Amma hər şeyin sonu olur. Əsas odur ki, son, vaxtında olsun. Mən də düşünürəm ki, artıq millidən getməyimin vaxtıdır".

Yaxın gələcəkdə yığmada rekordlarınızı yeniləyəcək futbolçu görürsünüzmü?

- Əvvəla baş məşqçiyə ünvanlanan penalti ilə bağlı sualı cavablandırım. Bu cür şeylərin əleyhinəyəm. Vida matçımdır deyə, mütləq qol vurmalı deyiləm. Futbolçu daha yaxşı vurursa, bu gün də, sabah da o yerinə yetirməlidir. Mənim bu məsələyə yanaşmam belədir. Rekordum isə yalnız oyun sayı ilə bağlıdır. Bəzi futbolçularımız 5-6 il sonra bu rekordumu yeniləyə bilərlər.

Kimi öz davamçınız hesab edirsiniz?

- Bu sual mənə dəfələrlə verilib. Amma konkret cavab vermək olmur. Bəli, namizədlər var. Yoldaşlıq oyunlarında futbolçuların özlərini necə göstərməsindən çox şey asılı olacaq. Baş məşqçimiz Robert Prosineçkiyə minnətdarlığımı bildirmək istəyirəm. Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra yığma karyeramı bitirmək istəyirdim. Tərcüməçimiz Aydın və məşqçimiz Mahmud Qurbanov da orda idi. Tələsməməyi məsləhət gördülər. Qərarımı açıqlamaq üçün otaqdan çıxdım, amma mətbuatdan heç kim yox idi. Sanki Allahın qisməti idi. Sonra Prosineçki yığmaya gəldi. Bir az sönmüşdüm, məni çox motivasiya etdi. Yığmada 100 oyun keçirmək arzum var idi. İtaliya ilə görüşdən öncə məşqçiyə dedim ki, milli karyeramı bitirmək istəyirəm. Amma o, yenə məni fikrimdən daşındırdı. Buna görə peşman deyiləm. Yığmada ən maraqlı seçmə mərhələni keçirdim. Yaxın ətrafıma demişdim ki, dünya çempionatına çıxmaq şansımız nə vaxt bitsə, karyeramı bitirəcəyəm. Şimali İrlandiyaya məğlubiyyətdən sonra yenə Prosineçki ilə danışdım. Ona dedim ki, artıq missiyam başa çatıb, yığma isə AÇ-2020-nin final mərhələsinə çıxmağı hədəfləməlidir. Lakin yenə məni fikrimdən daşındırdı. Bu dəfə isə qərarım qətidir. Özünə də dedim ki, sənin icazənlə artıq yığma karyeramı bitirmək istəyirəm. Çünki həm milli, həm də özüm üçün ən doğru qərar budur. Qalmağım həm mənə, həm yığmaya zərər verə bilər. Millimizə gələcək oyunlarda uğurlar arzulayıram.

Son xəbərlər

Orphus sistemi