İkinci yarıda meydanda üstün olan tərəf "Zirə" idi.
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Osiyek"lə (Xorvatiya) ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis 1:1 hesabı ilə başa çatan görüş barədə danışıb:
"İlk hissədə rəqib standart vəziyyətlərdə daha çox təhlükə yaradırdı. Bununla belə, ilk yarıda bizim də fərqlənmək üçün bir neçə şansımız oldu. Müdafiədən çıxarkən top itkisinə yol verdik. Rəqib bu vəziyyətdən maksimum istifadə etdi və istədiyi qolu vurdu. İkinci yarıda meydanda üstün olan tərəf biz idik. Çalışırdıq ki, nəticəni öz xeyrimizə dəyişək. Lakin rəqib səviyyəli komanda olduğu üçün bu çətin idi. Əgər məğlub olsaydıq belə, cütün taleyi Bakıda həll olunacaq. Bizi 1 həftə sonra maraqlı oyun gözləyir",
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Zirə" səfərdə Xorvatiyanın "Osiyek" klubu ilə heç-heçə edib - 1:1. Bu komandaları arasındakı cavab qarşılaşması avqustun 15-i "Dalğa Arena"da reallaşacaq.