Rəşad Sadıqov: "Hətta "Mançester Siti"nin də güclənməyə ehtiyacı var" - MÜSAHİBƏ

Rəşad Sadıqov: "Hətta "Mançester Siti"nin də güclənməyə ehtiyacı var" - MÜSAHİBƏ Qarabağ klubunun kapitanı Rəşad Sadıqov Bakıda Şimali İrlandiya Linfildinə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra brifinq keçirib.
Futbol
29 Avqust , 2019 23:20
Rəşad Sadıqov: Hətta Mançester Sitinin də güclənməyə ehtiyacı var - MÜSAHİBƏ
Rəşad Sadıqov

"Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Bakıda Şimali İrlandiya "Linfild"inə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra brifinq keçirib. 

37 yaşlı müdafiəçi "Report"un da suallarını cavablandırıb.

Matç barədə fikirləriniz necədir?

Oyunun xüsusən sonluğu çox gərgin keçdi. Matça yaxşı başlayıb erkən qol vurduqdan sonra topa nəzarət etməyə, irəli atılmağa və tempi salmağa başladıq. Hələ cəmi bir top fərqi ilə uduzduğu üçün rəqib risk etmək istəmirdi. Bizi öz üzərlərinə çəkərək əks-hücumlara çıxmaq niyyətində idilər. İlk görüşdən sonra onları yaxşı analiz etmişdik. Bilirdik ki, əsas silahları əks-hücum və standart vəziyyətlərdir. Ona görə də ehtiyatlı davranırdıq. İkinci hissədə isə yaxşı qol imkanlarımız oldu. Rəqib isə təhlükəli standart vəziyyətlər əldə etdi. İkinci qolu vurduqdan sonra bir qədər rahatlaşdıq. Uzatma dəqiqələrində qol buraxsaq da, sevinirik ki, hər şey bizim üçün yaxşı qurtardı.

- Adətən, "Qarabağ" belə komandalara asanlıqla qalib gəlirdi. Amma bu dəfə hər iki görüş olduqca çətin keçdi. Kipr APOEL-inə Çempionlar Liqasındakı məğlubiyyətin təsiri hiss olunurdu?

- Həm APOEL-ə evdə, həm də "Linfild"ə səfərdə məğlub olduğumuz matçların təsiri var idi. Uduzmaqdan-uduzmağa fərq var. Elə olur ki, yaxşı oynayırsan, qol imkanları yaradırsan, üstünlük səndə olur, amma üst-üstə iki dəfə yenilirsən. Bu da komandanı istər-istəməz psixoloji cəhətdən zədələyir. Bu gün o psixoloji basqı üzərimizdə var idi. Uşaqların üzlərindən də göründü ki, ikinci qoldan sonra bir az rahatlaşdılar. Halbuki, bu qoladək üzərimizdə qorxu var idi. Çox sevindiricidir ki, bunu üzərimizdən ata bildik. Digər tərəfdən, pley-off mərhələsində hər bir rəqib sonadək mübarizə aparır, şansından yararlanmaq istəyir. Şadıq ki, istəyimizə nail olduq və 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə yüksəldik.

- Düşünmürsünüz ki, bu, ən çətin pley-off oyununuz idi?

- Bundan da gərgin keçənləri olmuşdu. Amma indi evdə oynadığımızı nəzərə alsaq, ən çətin oyunumuz oldu. Əvvəlki mövsümlərdə evdə İsveç "Göteborq"u, Moldova "Şerif"i və İsveçrə "Yanq Boyz"u ilə qarşılaşmalarda 3:0 hesablı qələbə qazanmışdıq. Amma bu dəfə belə olmadı. Əslində qrup mərhələsinədək avrokubok oyunlarımızı çox yaxşı keçirdik. Cəmi 2 görüşdə uduzmuşuq, amma hər birində rəqibdən üstün oynamışıq. Ümumən, komandamızın oyunu pis deyil. Çalışıb daha da yaxşılaşdırmalıyıq ki, qrup mərhələsində uğurla çıxış edək.

- Qrup mərhələsi barədə komandada hansı fikirlər var idi?

- Bu barədə heç düşünmürdük. Çünki "Linfild"ə ilk matçda məğlub olmuşduq. Əslində cütün taleyini elə Şimali İrlandiyada həll etmək istəyirdik. Hətta 1:0 hesabı ilə öndə olduqdan sonra da geri çəkilmir, böyük qüvvə ilə irəli atılırdıq. Məğlub olduqdan sonra isə sırf oyunu fikirləşirdik. Məncə, artıq hər oyuna final kimi yanaşmalı, maksimum xal qazanmağa çalışmalıyıq.

- Qrupda 2-ci yeri tutmağı qarşınıza minimum vəzifə kimi qoymusunuz?

- Çox istərdik ki, belə olsun.

- Rəqiblər arasında İspaniya "Sevilya"sı, Portuqaliya "Portu"su, Rusiya MOİK-i kimi komandalar var. Belə iddialı klublara qarşı oynamağa hazırsınız?

- Bynu zaman göstərəcək. Hətta "Mançester Siti"nin belə güclənməyə ehtiyacı var. Həmçinin də "Qarabağ"ın. Baş məşqçimiz Qurban Qurbanov açıqlamalarında transfer danışıqlarının aparıldığını və axtarışda olduğumuzu bildirib. Amma vaxt az qalıb. Alınıb-alınmayacağını zaman göstərəcək.

- Maqaye Qaye nə zaman daha yaxşı oyun göstərə biləcək?

- Qeye komandaya gec qoşuldu. Özü də açıqlamalarında həmin vaxt formasından uzaq olduğunu bildirib. Buna baxmayaraq, avrokuboklarda iki qol, bir məhsuldar ötürmə müəllifi olub, Premyer Liqada da fərqlənməyi bacarıb. Çox yaxşı performans göstərir. Bu gün də meydanda ən yaxşılardan idi. Topa yapışır, mübarizə aparırdı. Rəqib çox sıx oynayırdı. Düşünürəm ki, Qeye öz işini gördü. Xüsusən, ilk qolda ideal ötürmə verdi. İnanıram ki, bundan da yaxşı formada olacaq.

Son xəbərlər

Orphus sistemi