Rəşad Sadıqov: "Oyunlarımızda qəribə qərarlar olur"

Rəşad Sadıqov: "Oyunlarımızda qəribə qərarlar olur" İlk hissədə rəqibin böyük istəklə hücuma atılacağını və təzyiq edəcəyini gözləyirdik
Futbol
146
20 Fevral , 2021 18:27
Rəşad Sadıqov: Oyunlarımızda qəribə qərarlar olur
Rəşad Sadıqov

"Maraqlı oyun oldu. İlk hissədə rəqibin böyük istəklə hücuma atılacağını və təzyiq edəcəyini gözləyirdik. Çünki risk etməli idilər. İlk hissədə topa maksimum nəzarət edib, təzyiqin qarşısını almağa çalışırdıq. Amma istədiyimiz kimi alınmadı".

"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI turunun oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis 2-ci yarıda daha yaxşı çıxış etdiklərini bildirib: "Meydanda istədiyim, güvəndiyim komandanı gördüm. Şükürlər olsun ki, bu cür ağır səfər matçından xalla ayrıldıq. Həm "Keşlə", həm də ötən tur qarşılaşdığımız "Sabah" ilk "3-lüy"ə namizəd komandalardır. Oyunlar da göstərdi ki, hər ikisinin böyük potensialı var. Qələbə qazanıb xal ehtiyatımızı artırmaq istəyirdik, amma bu görüşlərdə uduzmamaq bizim üçün çox önəmli idi. Komandamı ürəkdən təbrik edirəm. Qorxmadılar, sınmadılar, sonadək mübarizə apardılar".

Sadıqov yeni transfer Filipe Paxxtmanın bugünkü oyunu buraxmasının səbəbini açıqlayıb: "Təəssüflər olsun ki, 2 gün öncə məşqdə zədələnib. Sabah ya da birisigün onu İstanbula müayinəyə göndərəcəyik. Qəti fikir ondan sonra bilinəcək. Əslində bu gün əsas heyətdə meydana çıxmalı idi. Təəssüflər olsun ki, futbolda belə hallar olur. Amma onun zədələnməsini istəməzdim. Gəncdir, böyük ümidlərlə transfer etmişik. Özü də məşqlərdə böyük istək göstərirdi. Ümid edək ki, əməliyyata ehtiyac olmayacaq. Amma buradakı həkimlərin verdiyi ilkin rəy bizim üçün ürəkaçan deyil".

Komandasının oyun üslubundan da söz açan gənc baş məşqçi sevimli sisteminin 4-3-3 və ya 4-2-3-1-dir: "Bəzən rəqibə görə dəyişiklik edirik. Hərdən limit də bizi sıxır. Buna baxmayaraq, gənclərin hamısını şans verməyə çalışırıq. Yəni, onlar sırf limitə görə oynamırlar. Hamısına güvənirəm. Sadəcə, bütün oyunlar gərgin keçdiyi üçün onları meydana buraxa bilmirik".

Dmitrios Çantakiasın qırmızı vərəqə gördüyü epizodu da şərh edən Sadıqov bu cür halların ilk dəfə baş vermədiyini vurğulayıb: "Oyunlarımızda qəribə qərarlar olur. Baxırsan, rəqib qapıçı topu 10 saniyə əlində saxlayır, cərimə zərbəsi təyin etmirlər. Bizə gələndə isə qayda pozuntusu qeydə alınır. Yaxud da 3 dəqiqəyə 2 penalti və ya sarı vərəqə verirlər. İnanıram ki, bunlar sırf səhvdir. Əsas odur ki, qərəzə olmasın. Hakim qərarlarına fikir verməməyə çalışırıq. Bu gün qırmızı vərəqədən sonra futbolçuların özündən çıxmaması, əsəbləşməməsi komandanın hazırlıqlı olmasından xəbər verir. Buna görə çox sevinirəm".

Gənc mütəxəssisin sözlərinə görə, komandası azlıqda qalmasaydı, Musa Qurbanlını meydana buraxacaqdı: "Artıq məşqçilərlə də danışmışdım. Musanı meydana buraxıb, yenidən hücumameyyli oyuna keçmək istəyirdik. Amma bir anda gördük ki, Çantakias qırmızı vərəqə gördü. Əslində onun oyuna daxil olması hücumların sürətini artırmaq məqsədi daşıyırdı. Bilirsiniz ki, özü də sürətli oyunçudur".

Sadıqov gənc müdafiəçi Cəlal Hüseynovun "Benfika"ya gedə bilməməsinin pandemiya ilə bağlı olduğunu bildirib: "Son anadək gözləyirdilər ki, yumşalma olsa, çağırsınlar. Amma qərara aldıq ki, məsələ ertələnsin. Onunla bağlı böyük planlarım var. Gələn mövsüm daha çox şans vermək, böyüməsi üçün kömək etmək istəyirəm. Yayda yenidən bu məsələyə qayıdacağıq".

Son xəbərlər

Orphus sistemi