Rəşad Sadıqov: "Bizim vurduğumuz qoldan sonra rəqibin düşərgəsində gərginlik hiss olundu"

Rəşad Sadıqov: "Bizim vurduğumuz qoldan sonra rəqibin düşərgəsində gərginlik hiss olundu" Azərbaycan milli komandasının kapitanı: "Onlar hətta bir-birinin üstünə qışqırırdılar da"
Futbol
27 Mart , 2017 00:05
Rəşad Sadıqov: Bizim vurduğumuz qoldan sonra rəqibin düşərgəsində gərginlik hiss olundu
Foto: "Report"

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Almaniya ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. 

"Report" həmin müsahibəni təqdim edir:

- Almaniya 1:4 hesablı məğlubiyyəti necə şərh edərdin?

- Sevindirici hal o idi ki, uşaqlar almanlardan qorxmadı, çəkinmədi. Düzdür, ilk 10 dəqiqə həyəcan var idi. Amma çalışırdıq ki, futbol oynayaq, oyunu çirkinləşdirməyək.

Ümumi götürsək, oyun pis keçmədi. Bəlkə də yaxşı oyunlarımızdan birini keçirdik. Buraxdığımız qollar və səhvlərimizə gəldikdə, sırf rəqibin ustalığı öz sözünü dedi. Səhvlərimizdən çox yaxşı istifadə etdilər. Bunu da yaxşı bilirdik. Amma qarşısını ala bilmədik.

- Buraxılan ikinci qolda hansı hissləri keçirdin?

- Çox təəssüf hissi keçirdik. Bizim vurduğumuz qoldan sonra rəqibin də düşərgəsində gərginlik hiss olundu. Onlar hətta bir-birinin üstünə qışqırırdılar da. Bu, bizim üçün sevindirici hal idi. Heç olmasa, ilk yarını 1:2 hesablı məğlubiyyətlə başa vursaydıq, ikinci hissədə nəyəsə ümid etmək olardı. Amma üçüncü qol demək olar ki, bütün şanslarımızın üstündən xətt çəkdi.

- Ənənəvi künc zərbəsindən sonra top sanki rəqib müdafiəçinin əlinə dəymişdi...

- Top əlinə dəymədi, sinəsinə dəydi.

- Azarkeş dəstəyini hiss edə bildiniz?

- Azarkeşlərimiz yalnız qələbəyə layiq idilər. Çox heyf ki, onları sevindirə bilmədik. Ancaq özləri də gördü ki, əlimizdən gələni etdik. Sadəcə, almanların ustalığı bundan artığına imkan vermirdi.

- Renat Dadaşovu heç "18-lik”də görmədik. Səncə, bu, niyə baş vermədi?

- Renat gənc futbolçudur. Robert Prosineçki hamını nə vaxt meydana buraxacağını daha yaxşı bilir.

- İnanırsan ki, millimiz final mərhələsinə qala biləcək gücdədir?

- Bu oyunun üstünə bir az artırsaq, səhvlərimizi azaldıb, daha diqqətli oynasaq, məncə, nəyəsə ümid bəsləmək olar. Hamı bilirdi ki, bizim üçün daha önəmli oyun Şimali İrlandiyaya qarşıdır. Həmin görüş final olacaq. Şimali İrlandiyanın Norveçə qarşı keçirəcəyi görüş də önəmlidir. İnanırıq ki, irlandlar qələbə qazanmayacaq. Biz Şimali İrlandiya ilə matçda qalib gəlsək, yenidən ikinci pilləyə yüksələ bilərik. Hər oyunda qələbə qazana bilmərik. Yaxşı olardı ki, rəqiblərimiz də bir-biri ilə oyunlarda xal itirsin.

- Komandadakı ab-hava necədir? Hələ də inam var?

- Uşaqlar hamısı inanır. Almaniyaya qarşı necə oynadıqlarını hamınız gördünüz. Heç kim Almaniyadan çəkinmirdi. Biz oyunlarda ekstra bir şey edib qələbə qazana bilərik. San-Marinonu çıxmaq şərtilə, digər rəqiblər ustalıq səviyyəsində bizdən üstündürlər. Xüsusilə ev oyunlarında maksimum nəticələrə ümid bəsləməliyik.

- Oyundan öncə 4 qol buraxacağınız ağlına gələrdi?

- Almaniya elə rəqibdir ki, onlardan hər şey gözləmək olardı. Almaniya Braziliyanın qapısına 7, Şimali İrlandiyaya isə 2 top vuran komandadır. Matç 2:1 də bitə bilərdi, 7:1 də. Almaniya yeganə komandadır ki, kollektiv futbol oynayır. Nə Argentina, nə Braziliya belə oynayır.

- Robert Prosineçki oyundan sonra nə dedi?

- Bizə dedi ki, yaxşı oynadınız. Ancaq ilk yarıdan sonra çox əsəbiləşmişdi. O da uşaq-uşaq səhvlər etdiyimizə görə idi.

- Yəqin ki, daha çox Əfran İsmayılova əsəbiləşmişdi...

- Əfran Nazarova ideal ötürmə verdi. Sonra isə heç nədən elə bir səhvə yol verdi. Biz də onun səhvini sığortalaya bilmədik. Amma bunu yalnız Əfranın səhvi kimi adlandırmaq düzgün deyil.

Son xəbərlər

Orphus sistemi