Rəşad Sadıqov Azərbaycan çempionatında 300-cü oyununu keçirib

Rəşad Sadıqov Azərbaycan çempionatında 300-cü oyununu keçirib 35 yaşlı müdafiəçi yubileyi qeyd edib
Futbol
21 Avqust , 2017 16:06
Rəşad Sadıqov Azərbaycan çempionatında 300-cü oyununu keçirib

Bakı. 21 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının II turu milli komandanın və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı müdafiəçi yeni mövsümdə ilk çempionat matçına çıxmaqla yubileyi qeyd edib. 

“İnter”ə 1:0 hesabı ilə qalib gəldikləri ev oyunu Sadıqov üçün Premyer Liqada 300-cü olub. Cari mövsümədək 299 matç keçirən Sadıqov 300-ə komandası üçün doğma “Azərsun Arena”da çatıb.

Ölkə çempionatının güclülər dəstəsində 2000/2001 mövsümündə “Turan”ın oyunçusu kimi debüt edən müdafiəçi Tovuz təmsilçisində 9 matç keçirib. Legioner həyatı yaşadığı müəyyən fasilələr sayılmasa, o, 2001 - 2009-cu illərdə “Neftçi”də 125, 2009 - 2017-ci illərdə “Qarabağ”da 166 qarşılaşmaya çıxıb. Arxa xətt oyunçusunun hesabında 16 qol var.

Qeyd edək ki, Rəşad Sadıqov Azərbaycan çempionatları tarixində yarımçıq qalan və nəticəsi ləğv olunan qarşılaşmaları saymamaqla 300 və daha çox oyun keçirən futbolçular siyahısında 17-cidir. Onadək 16 oyunçu 300-cünü arxada qoyub. Azərbaycan çempionatları tarixinin ən çox oyun keçirən futbolçusu isə Mahmud Qurbanovdur. 

Son xəbərlər

Orphus sistemi