Renat Dadaşov "Ayntraxt"dan Portuqaliya klubuna keçib

Renat Dadaşov "Ayntraxt"dan Portuqaliya klubuna keçib Azərbaycan millisinin futbolçusu "Eştoril"in şərəfini qoruyacaq
Futbol
12 İyun , 2018 01:41
Renat Dadaşov Ayntraxtdan Portuqaliya klubuna keçib

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Portuqaliyanın "Eştoril" klubuna keçib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Almaniya "Ayntraxt"ından ayrılan 19 yaşlı hücumçu potensialını daha da artırmaq niyyəti ilə bu addımı atdığını bildirib.

Almaniya və Azərbaycan vətəndaşlığına malik Dadaşov yeni komandaya transferini belə şərh edib:

"Eştoril"də olmaqdan çox xoşbəxtəm. Ümidvaram ki, hamımız üçün unudulmaz mövsüm keçirəcəyik".

2017-2018-ci illər mövsümündə "Eştoril" Portuqaliya çempionatında 34 oyundan 30 xalla sonuncu yeri tutaraq, aşağı liqaya enib. Bununla əlaqədar komandada baş məşqçi dəyişikliyi olub. Ötən gündən komanda 32 yaşlı Luiş Freyreyə tapşırılıb.

Renat Dadaşov Azərbaycanın əsas millisi ilə yanaşı, 21 və 20 yaşadək futbolçulardan ibarət yığmalarına da dəvət alır. O, U-21-in Macarıstanla iyunun 8-də keçirdiyi görüşdə qollardan birinin müəllifi olub. Görüş isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Dadaşovun 2017-ci ilin yayında "Ayntraxt"la peşəkar futbolçu kimi 3 illik müqavilə bağlayıb. Lakin gənc futbolçu intizamsız davranışı üzündən heyətdən kənarlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi