Bakı. 24 may. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu futbolçu Kriştianu Ronaldu ilə müqavilə müddətini artıracaq. "Report"un "Ok Diarro"ya istinadən verdiyi məlumata görə, yeni anlaşma 2020-ci ilədək nəzərdə tutulub.
Müqavilə şərtlərinə əsasən, portuqaliyalı hücumçu ildə 20 milyon avro qazanacaq. Sövdələşmənin Çempionlar Liqasının final oyunundan sonra imzalanacağı bildirilir. Onun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi isə 2018-ci ildə başa çatacaq. İndiki halda Ronaldu ildə 17 milyon avro qazanır.
Digər tərəfdən, 31 yaşlı hücumçu komandasının Çempionlar Liqasının finalı öncəsi məşqini yarımçıq tərk edib. O, komanda yoldaşları Daniel Karvaxal və Fransisko Kasilya ilə toqquşub. Futbolçunun vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.
Qeyd edək ki, mayın 28-də "San Siro" stadionunda keçiriləcək Çempionlar Liqasının finalında "Real Madrid" və "Atletiko Madrid" komandaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.