Bakı. 21 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" futbol komandasının sabiq baş məşqçisi Xulen Lopetegi tezliklə ABŞ millisinə rəhbərlik edə bilər.
"Report"un AS nəşrinə istinadən verdiyi məlumata görə, ABŞ Futbol Federasiyası ispaniyalı mütəxəssisi yığmanın nəticələrini daha da yaxşılaşdırmağa qadir olduğu qənaətindədir.
Hazırda komandada çoxlu gənc futbolçu var. ABŞ-ın federasiya rəsmiləri Lopeteginin İspaniya millisində və "Real Madrid"də gənclərlə iş təcrübəsindən yararlanmaq istəyir.
İndi baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Deyv Saraçan yerinə yetirir. Onun rəhbərliyi altında komanda son oyunlarında İngiltərəyə 0:3, İtaliyaya isə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, Xulen Lopetegi "Real Madrid"in baş məşqçi postundan oktyabrın sonlarında istefaya göndərilib. O, əvvəllər "Portu"ya da rəhbərlik edib.