"Real" 3 mövsüm ardarda ÇL-in finalına yüksəlməklə bir neçə rekordu yeniləyib

"Real" 3 mövsüm ardarda ÇL-in finalına yüksəlməklə bir neçə rekordu yeniləyib "Kral klubu" həmçinin "Milan" və "Yuventus"un nailiyyətlərini təkrarlayıb
Futbol
2 May , 2018 01:58
Real 3 mövsüm ardarda ÇL-in finalına yüksəlməklə bir neçə rekordu yeniləyib

Bakı. 2 may. REPORT.AZ/ İspaniyanın "Real" klubunun Çempionlar Liqasının final mərhələsinə yüksəlməsi nəticəsində bir neçə rekord qeydə alınıb.

"Report"un məlumatına görə, "Kral klubu" turnir bu adla keçirilməyə başlayandan sonra 7-ci dəfə həlledici görüşdə çıxış etmək imkanı qazanıb.

Madrid təmsilçisi bu göstəricidə İtaliyanın "Milan" və "Yuventus" komandalarını geridə qoyub.

Digər tərəfdən, "Real Madrid" ardıcıl 3-cü mövsüm finala yüksəlməklə sözügedən iki İtaliya komandasının rekordunu təkrarlayıb. "Yuventus" 1996, 1997 və 1998-ci illərdə, "Milan" isə 1993, 1994 və 1995-ci illərdə bu həyəcanı yaşayıb.

Madrid komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu karyerasında 6-cı dəfə Çempionlar Liqasında finala çıxıb. Bunlardan 4-ü onun hazırkı klubu, 2-si isə əvvəllər çıxış etdiyi İngiltərə "Mançester Yunayted"i ilə reallaşıb. Ronaldu "Milan"ın sabiq müdafiəçisi Paolo Maldininin rekordunu təkrarlayıb. Burada Maldininin 1992-1993-cü illər mövsümünədək təşkil olunan Çempionlar Kubokunun finalında oynaması nəzərə alınmayıb. Həmin finallar nəzərə alındıqda isə Maldini və Fransisko Xento 8, Alfredo Di Stefano 7 dəfə həlledici qarşılaşmaların iştirakçısı olub.

Nəhayət, "Real Madrid" Zinəddin Zidanın rəhbərliyi altında ardıcıl 3-cü dəfə Çempionlar Liqasının finalına yüksəlib. Bununla da fransalı mütəxəssis Marçelo Lippinin rekord nailiyyətini təkrarlayıb. İtaliyalı baş məşqçi "Yuventus"la 1996 - 1998-ci illərdə final həyəcanı yaşayıb.

"Real Madrid"in finaldakı rəqibi bu gün İtaliya "Roma"sı ilə İngiltərə "Liverpul"u arasında keçiriləcək cavab görüşündən sonra müəyyənləşəcək. İlk görüşdə "Liverpul" qalib gəlib - 5:2. "Kral klubu" isə Almaniya "Bavariya"sını mübarizədən kənarlaşdırıb - 2:1, 2:2.

Son xəbərlər

Orphus sistemi