Rayan Giqqz: "Bakıya səfəri təkrarlamalı olacağam"

Rayan Giqqz: "Bakıya səfəri təkrarlamalı olacağam" Biz bu yaya hazır idik və yaxşı dinamika göstərirdik. Əlbəttə, AVRO-2020-nin təxirə salınması neqativ hadisə oldu.
Futbol
445
18 Aprel , 2020 01:48
Rayan Giqqz: Bakıya səfəri təkrarlamalı olacağam

"Biz bu yaya hazır idik və yaxşı dinamika göstərirdik. Əlbəttə, AVRO-2020-nin təxirə salınması neqativ hadisə oldu".

"Report"un məlumatına görə, bunu Uels milli komandasının baş məşqçisi Rayan Giqqz BBC-yə müsahibəsində deyib. 47 yaşlı mütəxəssis bildirib ki, qitə çempionatının 2021-ci ilə ertələnməsi rəhbərlik etdiyi komandanın planlarını açıq-aşkar pozub: "Hazırlıq prosesimizin bir hissəsi kimi mən oyunlarımızın keçiriləcəyi Bakı və Roma şəhərlərinə yollanmış, hər şeyi yerindəcə yoxlamışdım. Eyni şeyi gələn il də təkrarlamalı olacağıq".

Bununla yanaşı, ötənlərin tanınmış futbolçusu hər zaman pozitiv yanaşmaların tərəfdarı olduğunu vurğulayıb. O, Co Allen və Devid Bruksun zədədən qayıdaraq, gələn ilədək tam hazır olacaqlarına, gənc futbolçuların isə daha çox təcrübə toplayacaqlarına əminlik ifadə edib. Giqqz bütün oyunçularla, xüsusən, zədədən qayıdanlarla daim əlaqə saxladığını diqqətə çatdırıb.

Vladimir Petkoviç, Şenol Günəş, Roberto Mançini və Rayan Giqqz AVRO-2020-nin püşkatma mərasimindən sonra
Vladimir Petkoviç, Şenol Günəş, Roberto Mançini və Rayan Giqqz AVRO-2020-nin püşkatma mərasimindən sonra

Baş məşqçi koronavirus pandemiyası ilə əlaqədar evdə olduğu müddətdə idman kanallarını və Uels yığmasının əvvəlki oyunlarını izlədiyini bildirib. O, xüsusən, Azərbaycan millisi ilə də eyni qrupda yer aldıqları AVRO-2004-ün seçmə mərhələ qarşılaşmalarına diqqət çəkib. Giqqz həmin vaxt özünün futbolçu kimi çıxışını seyr etdiyini vurğulayıb. Sabiq yarımmüdafiəçi 2002-ci il oktyabrın 16-da İtaliya üzərində qazandıqları 2:1 hesablı qələbəni fərqləndirib. Sözügedən tsikldə Azərbaycanla oyunlarda Uels Bakıda 2:0, Kardiff şəhərində 4:0 hesablı qalibiyyət əldə etmişdi. 

Qeyd edək ki, AVRO-2020-də Uelsin A qrupunda İsveçrə və Türkiyə ilə oyunları Bakıda, İtaliya ilə qarşılaşması isə Romada keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi