Ramin Quliyev: "Hər şey "Sabah"ın başına gəlir"

Ramin Quliyev: "Hər şey "Sabah"ın başına gəlir" "Bu, penaltiyə oxşamırdı. Amma hər oyun qapımıza penalti təyin olunur"
Futbol
19 May , 2021 20:20
Ramin Quliyev: Hər şey Sabahın başına gəlir

"Çempionatı yaxşı notlarda bitirmək istəyirdik. Futbolçularımız qələbə üçün əllərindən gələni etdilər. Rəqibin kimliyinə rəğmən, meydana qalibiyyət üçün çıxırıq. Bir çox futbolçumuzun müqaviləsi bitir. Qalanlara da, gedənlərə də ayrı-ayrılıqda təşəkkür edirəm".

"Report"un məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Ramin Quliyev evdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, oyuna yaxşı hazırlaşıblar: "Epizodlar zamanı kompakt müdafiə olunduq. Oyunları əks-hücumda qurmaq istəyirdik. Hesabda 1:0 öndə olarkən, təəssüf ki, yenə qapımızda 11 metrlik cərimə zərbəsi gördük. Bu, penaltiyə oxşamırdı. Amma hər oyun qapımıza penalti təyin olunur. VAR sistemi yoxdur, 50/50 olanda da belə qərar verilir. Bu, bir qədər xoşagəlməz hadisədir. Hər şey "Sabah"ın başına gəlir. Tam epizodu görməmişəm. Amma ilkin qənaətim budur ki, orada penalti yox idi".

Quliyev bildirib ki, özü komandada olduğu halda, baş məşqçi postuna kimlərinsə gələcəyi barədə söhbətlər xoşagələn deyil: "Mən bu barədə bir söz deyə bilmərəm. Hər kəsin şəxsi fikri var. Rəhbərliklə müqavilə barədə hələ danışığımız olmayıb. Kluba yad adam deyiləm, idman direktorluğundan baş məşqçi postuna gəlmişəm. Rəhbərlik məsləhət bilsə və məni bu postda saxlamağa lüzum görsə, qalacağam. Dəyişiklik edilsə, öz mövqeyimə çəkilərək, kluba xidmət edəcəyəm".

Son xəbərlər

Orphus sistemi