Ramin Musayev: "Limitdən danışanlar öz klubundakı uşaq futbolu ilə maraqlansınlar"

Ramin Musayev: "Limitdən danışanlar öz klubundakı uşaq futbolu ilə maraqlansınlar" "Artıq çempionat başlayıb. Mövsümün ortasında reqlament dəyişməyəcək. Bu, oyuncaq deyil. Gələn mövsüm ərəfəsində bütün klublarla oturar, müzakirə edərik".
Futbol
155
23 Oktyabr , 2021 13:17
Ramin Musayev: Limitdən danışanlar öz klubundakı uşaq futbolu ilə maraqlansınlar
Ramin Musayev

"Artıq çempionat başlayıb. Mövsümün ortasında reqlament dəyişməyəcək. Bu, oyuncaq deyil. Gələn mövsüm ərəfəsində bütün klublarla oturar, müzakirə edərik".

Bu fikirləri "Report"a müsahibəsində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında legioner limiti ilə bağlı məsələ haqqında danışarkən deyib.

Funksioner bildirib ki, hansı klub uşaq futbolunda zəifdirsə, o da limitlə bağlı problem yaşayır: "Olmazmı legioner limiti ilə bağlı danışan adamlar klubunda uşaq futbolu ilə maraqlansın və bunu inkişaf etdirsin? Biz ilk dəfə əvəzedicilərin çempionatını yaratdıq. Zədədən qayıtmış və ya sarı, qırmızı vərəqə görən futbolçu oyun praktikasını itirməsin deyə, əvəzedicilərlə oyunu davam etdirirdi. Bunu fikirləşdik, nəticə də verirdi. Əvəzedici heyətdəkilərin əksəriyyəti Premyer Liqada da oynadı. Premyer Liqada zədədən qayıdan peşəkar oyunçular əvəzedici heyətdə oynadı ki, oyun praktikasını itirməsin. Bunları komandalarda problem olmasın deyə yaratdıq. Bu, baş məşqçiyə kömək idi. Əvvəlcə bir qanun qoyduq ki, baş məşqçi və ya ən azı onun birinci köməkçisi əvəzedicilərin çempionatında iştirak etməlidir. Mən orada öz övladlarımı oynatmırdım ki?! İstəyirdik ki, gedib maraqlansınlar, uşaqlar da görsünlər ki, komandanın baş məşqçisi gəlib. Diqqət cəlb etmək üçün isə oyununu daha yaxşı göstərəcək".

Musayevin sözlərinə görə, millinin baş məşqçisi Canni De Byazi hansı matçı stadiondan canlı izləyirsə, yerli futbolçular meydanda özlərini “öldürürlər”: "Fikirləşirlər ki, yığmanın baş məşqçisi gəlib, qoy, məni seçsin. Biz də bu praktikadan istifadə etdik ki, baş məşqçi və ya ən azından onun köməkçisi oyunda iştirak etsin. Futbolçular da görsünlər ki, onların əsas komandaya gəlmək ehtimalı var. Bunun bəhrəsini görmüşük. Ad çəkmək istəmirəm, çox futbolçular əvəzedicilərin çempionatından Premyer Liqaya gəlib. Sonra nə oldu? İndi hansı komandanın baş məşqçisi və ya köməkçisi əvəzedici heyətin oyununa baxır? Heç biri. Çünki əsas komandalar bu gün nəticəyə oynayırlar. Məndən bu ifadəmə görə inciyə də bilərlər. İnanmıram ki, hansısa baş məşqçimiz millini fikirləşir. Hamı öz komandasını düşünür".

PFl prezidenti milli komandanı da düşünməli olduqlarını söyləyib: "Bütün bunları izah etmək lazımdır. Mən millinin baş məşqçisi deyiləm, amma söhbət ölkə yığmasından gedir axı. Danışanda qürurdan və qeyrətdən danışırıq. Milli komanda da qeyrətimizdir. Onun haqqında da düşünmək lazımdır. Hamı öz komandasını fikirləşir. Futbolçu yetişdirin də. “Qəbələ” komandası bu gün akademiyasının hesabına özünü doğruldur. Çəkdikləri əziyyətin bəhrəsini görürlər. “İnter” (hazırkı “Keşlə”) iki mövsüm UEFA-nın transfer qadağası ilə üzləşmişdi. Hamı düşündü ki, klub dağılacaq. Əvəzedici heyət və uşaq futbolunun sayəsində avrokuboka vəsiqə qazandılar. Hətta bir mərhələ də keçmişdilər. Niyə? Çünki özlərinin komandası və uşaq futbolu var idi. Bu gün hansı komandamıza transfer qadağı qoyulsa, uşaq futbolu ilə özlərini təmin edəcəklər? “Qəbələ”dən başqa heç biri. Vaxtilə “Bakı” klubunda da uşaq futbolu var idi. Sənin bünövrən uşaq futbolu olmalıdır. Hər kəs öz oturduğu kreslonu, idarə etdiyi klubu düşünür. İndi sponsorlar var və futbolçu transfer edə bilirlər. 1-2 ildən sonra sponsorlar olmasa, necə olacaq? Sabah milli komandaya kimləri dəvət edəcəyik? Onda belə edək, görək razı olacaqlarmı: Legioner limiti adambaşına 50 000 manat. Amma biz pulu fikirləşmirik".

Musayev deyib ki, legionerlərlə bağlı ödənişin ən ucuzu bizim ölkədədir: "Bunu Rövnəq müəllim fikirləşdi ki, heç olmasa, gələn oyunçuların səviyyəsi həddindən artıq aşağı olmasın. Legioner haqqı üçün 5 000 manat verirlər. Limitlə bağlı mən də məsələni qaldıra bilərəm ki, ləğv edək, hər oyunçuya 50 000 manat ödəniş olsun. Belə olsa, hamı yerli oyunçu oynadacaq. Bu məsələ qalxsa, belə dəyəcəyəm. Gəlin, məbləği 50 000 manata qaldıraq. Əvvəl 20 000 manat idi, verə bilmirdilər. Bir neçə klubun da borcları yığılıb qalıb. 50 000 manat edək, səviyyəli oyunçu gətirsinlər. Biz legionerin gəlməsini nəyə görə istəyirik? Yerli və cavan oyunçular örnək götürsünlər, yanında oynasınlar, bir şey öyrənsinlər. Hər yoldan keçən xarici futbolçunu da gətirib oynatmaq olmaz. Vaxt var idi ki, klublarımızın legioner oyunçularının formasını kimlərsə geyinərdi. İndi hansı oyunçunun formasını azarkeş geyinib? Müsahibədə böyük hərflərlə yazarsınız ki, Ramin Musayev deyir: "Nə olar, sizi Allaha and verirəm, uşaq futboluna nəzarət edin".

O, Azərbaycanın U-21 yığmasının baş məşqçisi Milan Obradoviçin çempionatdakı U-21 limitinin 1 oyunçudan 2 oyunçuya qaldırılması ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirib: "Obradoviç düz deyir. Bilirsiniz niyə? Çünki komandalar həmin futbolçuları məcbur oynadırlar. Biz 8 komandaya deyə bilmərik ki, həmin futbolçu hansısa mövqenin oyunçusu olsun. U-21 yığmamız hazırda bu gündədir, çünki əvəzedicilərin çempionatında artıra bilmirlər, orada nəzarət edən yoxdur. I Divizionda komandalar bilirsinizmi ki, necə oynayırlar? Vaxt aparırlar. Çünki hansısa klubun rəhbəri gəlib oyunu izləmir. Klub prezidenti oturub restoranda, komanda isə oyundadır. Futbolçu tayfasının başının üstündə yumruq olmasa, oynamayacaq. 10 nəfərdən biri və ya ikisi öz gələcəyi naminə oynayar. Amma onun üstündə nəzarət olmasa, oynamayacaq. Həmin U-21-in oyunçuları harada oynayır? I Divizionda. Bunları kim izləyir? Heç kim. Sağ olsunlar PFL-in işçiləri. Oyunları çəkirlər, sayta qoyurlar. Canlı yayım veririk, kifayət qədər də baxış var. Amma klub rəhbərləri baxmırlar, oyunlarda iştirak etmirlər. Premyer Liqadakı klubların rəhbərlərinin hamısına hörmətim var. Ən çılğın rəhbər kimdir? Zaur Axundov. Hər oyunda onun iki ili gedir. Futbolçular da görür ki, klub prezidenti onların oyunlarını izləyir və ürəklə oynayırlar. Belə olmalıdır. U-21 əsas millinin bir addımlığındadır. Milan Obradoviç düz deyir: Limitin sayını artırmaq lazımdır".

Musayev məsələni qaldırmağın vacibliyini vurğulayıb: "Ümid edirik ki, Premyer Liqada və I Divizionda komanda sayı artar. I Divizionda 10-12 komanda olsa, əvəzedici heyəti ayırarıq. Bu gün əvəzediciləri məcbur I Diviziona birləşdirmişik ki, say düzəlsin. Amma bölgələrdə Divizion komandalarının sayı artsa, çempionatlar ayrılacaq. Region Liqasında çıxış edən bəzi klublar I Divizionda oynamaq istədiklərini bildirib. “Zəngilan” klubu var ki, onun rəhbəri cavandır. Ailəsinə apardığı puldan kəsir və komanda saxlayır. Bizneslə məşğuldur, yeni tanış olmuşuq. Baxırsan ki, vətənpərvərdir və futbolu sevir. Elə insanlara dayaq olmalı və kömək etməliyik. Edəcəyik də".

Son xəbərlər

Orphus sistemi